BAKI, 28 iyun — Sputnik. "Türkiyə-İsrail münasibətlərinin normallaşmasında qalib tərəf Amerika Birləşmiş Ştatları oldu". Bu barədə türk politoloq Yılmaz Altınsoy Sputnik-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, normallaşma prosesində Vaşinqtonun ciddi təzyiqləri olub: "ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqləri kimlərdir? Türkiyə və İsrail. Bu iki dövlətin bir-birinə kinli qalması Ağ Evin bütün maraqlarını alt-üst edirdi. Məhz bu düşmənçiliyə görə Amerika Suriyada nə İŞİD-ə qarşı, nə də Bəşər Əsəd rejimi ilə mübarizədə uğur qazana bilmirdi".
"Düşünürəm ki, yaxın gələcəkdə Suriyada fərqli ssenarilərlə qarşılaşa bilərik. Çünki İŞİD və Əsəd rejimi həm Ankarada, həm də Təl-Əvivdə ciddi təhlükə hesab edilir", — siyasi şərhçi bildirib.
O, iddia edir ki, Türkiyə-İsrail razılığında ABŞ-ın şərtləri əsas rol oynayıb: "Suriyada vətəndaş müharibəsi şiddətlənəndən sonra Türkiyə bu ölkənin şimalında tampon (uçuşa qadağan təhlükəsiz zona) bölgə yaradılması üçün ABŞ-a dəfələrlə təklif göndərirdi. Ərdoğan bu təklifi ölkəsinə milyonlarla qaçqının axın etməməsi üçün edirdi. Lakin Ankaranın ciddi səylərinə Vaşinqton hər dəfə laqeyd yanaşırdı. Bu laqeydlik Obama-Ərdoğan münasibətlərini də korlamışdı".
"Amerika mətbuatının yazdığına görə, Ağ Evin Ərdoğanın təklifinə laqeyd yanaşmasına səbəb, məhz İsrail imiş. Obama türk həmkarının tampon bölgə təklifini Senatdan keçirə bilməyəcəyini anlayırdı. Çünki ortada yəhudi lobbisi faktoru var idi və Senat məhz bu lobbinin təsiri altında hərəkət edirdi", — Altınsoy vurğulayıb.
Politoloqun sözlərinə görə, İsrail ilə münasibətləri pis olan Ərdoğanın təklifini Senatın qəbul etməyəcəyini Obama gözəl anlayırdı: "ABŞ Prezidenti bu amili dəfələrlə Ərdoğanın diqqətinə çatdırıb və türk həmkarına İsrail ilə əlaqələri normallaşdırmağı məsləhət görüb. Amerikanın bu şərti Ankara — Təl-Əviv razılığında önəmli rol oynayıb".
Ekspert bütün bu müsbət addımlardan sonra, yaxın günlərdə Suriyanın şimalında tampon zona təklifinin yenidən gündəmə gələcəyini bildirib: "Ərdoğanın təklifinin gerçəkləşməsi üçün artıq ortada heç bir maneə qalmayıb. İsraillə münasibətlər düzəlib. Və hər şey əvvəlki səviyyəyə doğru getməkdədir. Ona görə də düşünürəm ki, ABŞ Suriya siyasətində bəzi dəyişikliklər edəcək".
Onun fikrincə, ilk addım kimi, bu ölkənin şimalında təhlükəsiz zona yaradıla bilər: "Və yüz minlərlə qaçqın artıq Türkiyəyə yox, Suriyanın şimalına doğru hərəkət edər. Eynilə də Türkiyəyə sığınan milyonlarla qaçqın həmin bölgəyə qayıdacaq. Çünki həmin ərazidən sivillərin həyatını sülhməramlılar qorumuş olacaq".