BAKI, 23 sen — Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən Paralimpiya oyunlarında Azərbaycanı təmsil edən komanda Bakıya geri dönüb. Sputnik xəbər verir ki, dünən axsam saatlarında hava limanında böyük izdiham yaşanıb. Paralimpiyaçıların qohumları, dostları və onları sevənlər qalib gələn idmançıları qarşılamaq və təbrik etmək üçün hava limanına toplaşıblar.
Qeyd edək ki, Azərbaycan paraolimpiya komandası yarışlara 24 idmançı ilə təmsil olunub. Komandamız yarışlarda 11 medal qazanıb. Cüdoçular Ramin Qasımov qızıl medal, Bayram Mustafayev isə gümüş medal qazanıb. Atlet Yelena Çebanu, Kamil Əliyev, İradə Əliyeva, Dmitri Saley, Roman Saley oyunların gümüş medalını qazanıblar.
Eyni zamanda Yelena Cubanu və Rövşən Səfərov bürünc medallar da əldə ediblər. Beləliklə, komandamız yarışda iştirak edən komandalar arasına medal hesabı ilə 33 yerdə qərarlaşıb.