BAKI, 22 sen — Sputnik. Oksford Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, əgər məktəblilər dərsə hazırda tətbiq edilən vaxtdan bir qədər sonra getsələr, onların dərsi qavrama qabiliyyətləri və dərs fəallığı əhəmiyyətli dərəcədə artar.
Universitetin professoru və universitet nəzdindəki məktəblərdən birinin direktoru olan Pola Kelli bildirib ki, əgər şagird və tələbələrə səhərlər kifayət qədər yatmaq imkanı verilsə, onlar məşğələlərdə yüksək nəticə göstərə bilərlər: "Uşaq və gəncləri tezdən oyadıb dərsə göndərmək təhsil prosesində əks effekt verir".
O, qeyd edib ki, məktəb məşğələləri səhər saat 10-dan tez başlamamalıdır. Tələbələrə gəlincə, alimin fikrincə, onların dərsləri hətta daha gec — səhər saat 11-də başlamalıdır.
Oksfordlu alimlər Britaniya məktəblərində eksperiment aparıblar. Onlar aydınlaşdırıblar ki, saat 08:30 və ondan daha tez dərsə başlayan 10 yaşlı məktəblilər məşğələlərə çox böyük çətinliklə diqqət edirlər.
Mütəxəssislər bildiriblər ki, 16 yaşlı şagirdlər saat 10:00-a qədər olan informasiyaları normal qavraya və yadda saxlaya bilmirlər: "Buna səbəb səhərin erkən saatlarında beyinin fəallığının zəif olmasıdır".
"Beyinin öz funksiyasını normal bərpa etməsi və diqqətin normaya düşməsi vaxtı əksər uşaq və gənclər üçün məhz səhər saat 10:00-dan sonradır", — mütəxəssislər bildirirlər.
Eksperimentlər nəticəsində o da məlum olub ki, saat 10:00-dan sonra başlayan məşğələlərdə şagirdlərin orta qavrama və diqqət göstəriciləri 19 faiz artır.