BAKI, 21 sen — Sputnik. 9 sentyabr 2016-cı il tarixdə İranın "KERMANSHAN PETROCHEMİCAL" zavodunun istehsalı olan, "FELESTİNA-2" gəmisi vasitəsilə Bakı şəhərinə gətirilmiş, "Agro menejment" MMC-yə məxsus 1893,1 ton UREA 46% (karbamid) gübrəsindən götürülmüş nümunələr, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyasında analizi aparılıb. Həmin gübrənin keyfiyyət göstəricilərinin standartlara uyğun olmaması və normadan dəfələrlə aşağı olması müəyyən edilib.
Sputnik xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev keçirdiyi mətbuat konfransında deyib. Xidmət rəisi gübrədə təsiredici maddənin miqdarının normadan dəfələrlə aşağı olduğu üçün həmin gübrənin bitkiçilikdə tətbiqinin yolverilməz olduğunu vurğulayıb.
"Bu gübrənin bitkiçilikdə tətbiqi, torpaqdakı mühiti əlverişsiz istiqamətdə dəyişməklə kənd təsərrüfatı bitkilərində boy, inkişaf və məhsuldarlığa əhəmiyyətli təsir göstərməyəcək. Nəticədə ətraf mühitin çirklənməsinə, lüzumsuz xərclərin artmasına, məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olacaq", — Xidmət rəisi qeyd edib.
C. Quliyev deyib ki, "Agro menejment" MMC-nin ünvanına daxil olmuş, İranın "KERMANSHAN PETROCHEMİCAL" zavodunun istehsalı olan 1893,1 ton UREA 46% (karbamid) gübrəsinin ixracatçı ölkəyə geri qaytarılması üçün Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.