BAKI, 21 sen — Sputnik. Yaponiya Mərkəz Bankının (BOJ) faiz dərəcəsini sabit saxlamaq qərarından sonra, dünya bazarında dollar yüksəlməyə başlayıb. Eyni zamanda, diqqətlər bu axşam açıqlanacaq ABŞ Federal Ehtiyat Sisteminin (FED) qərarlarına yönəlib.
Sputnik haberler-ə istinadla xəbər verir ki, hər kəs Yaponiyadan sonra FED-in bu axşam açıqlanacaq pul siyasəti qərarını səbrsizliklə gözləyir. Ümumi gözlənti ondan ibarətdir ki, FED faiz artımına getməyəcək. Ancaq investorlar qərardan sonra FED rəhbəri Canet Yellenin təşkil edəcəyi mətbuat konfransında bundan sonrakı faiz artımının vaxtı ilə bağlı ipucları axtaracaqlar.
Mövzunu Sputnik-ə dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, FED-in bu toplantıda uçot dərəcəsini artırmayacağı ehtimalı 90 faizə bərabərdir: "FED bir neçə istiqamətdə Amerika iqtisadiyyatında, o cümlədən dünya iqtisadiyyatında nəzərdə tutulan hədəflərə hələlik çatmayıb. Bütövlükdə götürsək, bu hədəflərə eyni zamanda çatmaq çox mürəkkəb məsələdir. Amma hələlik növbəti toplantıya qədər vaxtın olması, ən azından FED-ə seçim imkanı verir. Yəni, uçot dərəcəsi dekabr ayında artırıla bilər".
Ekspert bildirib ki, burada işsizliyin səviyyəsi, inflyasiya məsələləri mühüm məqamlardan biridir: "Digər məsələ "Brexit"dir. FED rəhbəri son çıxışında deyib ki, "biz "Brexit"in yan təsirlərini hələlik araşdırırıq". Eyni zamanda, Çin iqtisadiyyatı ilə bağlı hələ də neqativ göstəricilərin olması davam edir. Xüsusilə Çinin ixracının həcmində ciddi azalma olub. Yaponiyada da bu proses baş verir".
"Bütövlükdə götürsək, uçot dərəcəsi artmayacaq. Bu, dünya bazarlarında qısamüddətli müəyyən qədər dolların ucuzlaşmasına gətirib çıxaracaq. Azərbaycan üçün də cüzi faizlə, yəni 1-2 faiz səviyyəsində müsbət meyilli təsirləri ola bilər. Amma bu prosesin özü də uzun çəkməyəcək. Çünki, iki toplantı arasında vaxt cəmi 2 aydır. Bu müddət ərzində bazarlarda qeyri-sabitlik yüksək səviyyədə hiss olunacaq", — mütəxəssis vurğulayıb.
O, hesab edir ki, böyük ehtimalla dekabr toplantısında uçot dərəcəsi 0,25 faiz artacaq. Yaponiya Mərkəz Bankının qərarına da toxunan R. Həsənov bildirib ki, BOJ rəhbərinin açıqlaması iqtisadi təşviqlərin davam etdirilməsi istiqamətində olub: "Eyni zamanda, BOJ-un imkanlarının tükənmədiyi mesajı verilib, yeni səhmlərin, aktivlərin alınması ehtimalına da işarə olunub. Bu da iqtisadiyyata əlavə nağd pul axını kimi qiymətləndirilir. Bu gün yapon yeni müəyyən qədər dünya birjalarında ABŞ dolları və digər valyutalara qarşı öz dəyərini itirib. Bu, Yaponiya üçün məqbul hesab olunur".
"1 ABŞ dollarına qarşı 99 yen artıq kritik hədd sayılır. Əgər səviyyə buraya qədər azalarsa, bu, Yaponiya iqtisadiyyatı üçün çox ciddi mənfi təsirlərə gətirib çıxarda bilər. FED-in qərarından sonra Yaponiya Mərkəzi Bankı iqtisadiyyatın nağd pul dövriyyəsinin genişləndirilməsi istiqamətində qərar verə bilər" — deyə ekspert qeyd edib.
Qeyd edək ki, FED ilə istiqraz əməliyyatları aparma səlahiyyətinə malik olan 23 təşkilatdan ikisi — "Barclays Plc" və "BNP Paribas SA" FED-in çərşənbə günü faiz artımına gedəcəyi fikrini müdafiə edib və istiqraz bazarının əks istiqamətində dayanıb. Belə ki, ilk dəfə birdən çox bazartənzimləyici təşkilat FED-in toplantısından əvvəl ortaq görüşün əksinə gedib.
Bu gün Bakı vaxtı ilə saat 22:00-da FED-in faiz qərarı açıqlanacaq.