BAKI, 19 sen — Sputnik. Sentyabrın 14-dən 17-ə qədər Fransanın Alzas regionunda yerləşən Müluz şəhərində Azərbaycan musiqisinə həsr edilmiş "İki dünya" adlı musiqi festivalı keçirilib. Bu barədə Sputnik-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Festivalı giriş sözü ilə, XANADU assosiasiyasının prezidenti, Yuxarı Alzas Müluz Universitetinin Ədəbiyyat, Dil və Humanitar Elmlər fakültəsinin dekanı, Nizami Gəncəvi kafedrasının müdiri xanım Qreta Komur açıb. O, artıq 3 ildir ki, keçirilən festivalın təşkilinə verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Fransadakı səfirliyinə, Müluz şəhərinin meriyasına və digər qurumlara təşəkkür edib.
Daha sonra festivalın bədii direktoru, bəstəkar və "Xocalı 613" əsərinin müəllifi Pyer Tilua çıxış edərək, Azərbaycan haqqında təəssüratları, mədəniyyətimizin və musiqimizin zənginliyi barədə tamaşaçılara məlumat verib. O, artıq 15 ildən çoxdur ki, Azərbaycanı yaxından tanıdığını qeyd edərək, zəngin Azərbaycan musiqisini Fransada təqdim etməkdən şərəf duyduğunu bildirib.
Sonda Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi Ayaz Qocayev çıxış edərək, Azərbaycan mədəniyyətinin rəngarəngliyi, multikulturalizm və dözümlülük ənənələri haqqında məlumat verib. O, 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edildiyini, ölkəmizin mədəniyyətlər və dinlər arası beynəlxalq dialoq məkanına çevrildiyini qeyd etmiş və bunda ölkə prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın böyük əməklərinin olduğunu vurğulayıb.
Festivalın ilk gecəsi Azərbaycandan dəvət edilmiş və Azərbaycanın xalq artisti Yusif Qasımovun bədii rəhbərliyi ilə "Bakı ulduzları" rəqs ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib. Ansamblın ifası tamaşaçılar tərəfindən davamlı alqışlarla qarşılanıb.
Sentyabrın 15-də isə Azərbaycanın gənc caz ifaçısı, pianoçu Etibar Əsədlinin konserti olub. Onun kvartetlə birgə təqdim etdiyi və milli musiqilərimizin də sintez edildiyi etno-caz stilində əsərləri tamaşaçıların rəğbətini qazanıb.
Sentyabrın 17-ə qədər davam etmiş festival Müluz şəhərinin orkestrinin konserti ilə başa çatıb. Bağlanış konserti zamanı P.Tilua çıxış edərək, festivalın uğurla keçməsindən və tamaşaçıların sayının hər gün artmasından məmnunluğunu ifadə edib.
Yekun konserti zamanı orkestrə Azərbaycanın gənc və istedadlı dirijoru Fuad İbrahimov rəhbərlik edib. Orkestri eyni zamanda Azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva da müşayiət edib. Konsert zamanı Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadənin "Konserto grosso" və tanınmış qərb bəstəkarlarının əsərləri ifa edilib.
P.Tiluanın Xocalı soyqırımına həsr etdiyi və Fransada və digər ölkələrdə dəfələrlə ifa edilmiş "Xocalı 613" əsəri bu dəfə yeni formada təqdim edilib. Əsər tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, "İki dünya" musiqi festivalının təşkilinə Azərbaycanın Fransadakı səfirliyi və Müluz şəhərinin meriyası yaxından dəstək verib.