BAKI, 16 sen — Sputnik. ABŞ-da ultrasürətli yüksək texnologiyalı qatarın 2021-ci ildə istifadəyə verilməsi gözlənilir. İlkin mərhələdə mütəxəssislər 28 belə qatar buraxmaq niyyətindədirlər. Hazırki qatarlarla müqayisədə yeni qatarlar 3 dəfə artıq sərnişin daşıyacaq.
Bundan əlavə, qatarlar pulsuz və keyfiyyətli Wi-Fi ilə təmin ediləcək. Bu qatarlar saatda 186 mil (300 km) məsafə qət etməklə yanaşı elektrik enerjisinə də 20% qənaət edəcək.
Qeyd edək ki, bundan daha sürətli qatarın 2027-ci ildə Yaponiyada istehsalı planlaşdırılır. Həmin qatar saatda 482 km sürətlə hərəkət edəcək. O, Nagova ilə Tokio arasındakı 289 km-lik yolu 40 dəqiqəyə gedəcək.
Ümumiyyətlə, sürətlə dəyişən dünyada zaman və məsafə anlayışının təsiri azalmağa başlayır. Söhbət tək dəmiryolu nəqliyyatından da getmir. Hava nəqliyyatı bir yana, istər avtomobil, istər də dəniz nəqliyyatı olsun, inkişaf etmiş ölkələr bu sahədə sürətli yeniliklərə imza atır. Həm zamana qənaət edirlər, həm də saatlarla yol getmək kimi yorucu bir məhkumiyyətdən yaxa qurtarmış olurlar.
Bəs, Azərbaycanda bu sahədə durum necədir? Biz ərazisi o qədər də böyük olmayan ölkəmizin bir başından digər başına istədiyimiz zamanda yetişə bilirikmi? Cavabı özümüz vermiş olsaq — xeyr. Görək ekspertlər bu sahədə necə düşünürlər.
"Azərbaycanda yollarda maksimal sürət həddi 10 il bundan qabaq saatda 90 kilometr idi. Yalnız aeroport yolunda istisna hal — 110 kilometr sürətlə sürmək imkanı var idi. Hazırda yol infrastrukturu inkişaf edir. Zaman-zaman şahidi oluruq ki, bəzi avtomagistrallarda sürət həddi dəyişir hətta bir qədər də artırılır. Əgər bu gün avtomagistrallarda 110 kilometr maksimal sürət həddi göstərilirsə, 120-140 kilometr sürətlə hərəkət edən nəqliyyat vasitələri var. Bizim yolun imkanları bu sürətdən irəli gələn tələblərə cavab verir".
Bu fikirləri Sputnik-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov səsləndirib. O, hesab edir ki, bu gün ölkənin avtomagistrallarında müəyyən olunmuş sürət həddi günün tələbinə cavab verir: "Ola bilər ki, gələcəkdə həmin yolların infrastrukturu daha da təkmilləşdirildikdən sonra sürət həddinə yenidən baxılsın. Hesab edirəm ki, bugünkü sürət həddi kifayət qədər yüksəkdir və hələlik bunu dəyişmək olmaz".
Dəmiryolu nəqliyyatına gəlincə: "Bu gün Bakı-Sumqayıt arası hərəkətdə olan qatar sürətli qatar hesab olunur. Bundan başqa, Bakı-Gəncə arası sürətli qatarların istismara buraxılması ilə bağlı artıq müəyyən işlər başlayıb. Dəmiryolun potensialı da həmin sürətli qatarların hərəkətinə uyğun hesablanmalıdır və yaxud konstruksiyasında müəyyən dəyişiklik olmalıdır".
"Bir istehlakçı, vətəndaş kimi deyə bilərəm ki, Azərbaycanda bu gün sürətli qatarlara çox böyük ehtiyac var. Xüsusilə də Bakıdan Qazaxa getmək istəyirəmsə, avtomobil ilə bu məsafəni 6-7 saata qət edirəm və kifayət qədər təhlükəlidir. Amma qatar ilə bunu qət etsəm, həm maddi cəhətdən, həm də vaxt baxımdan sərfəli ola bilər. Çünki, bu gün artıq müəyyən olunmuş vaxt ölçüsünə görə, Bakıdan Gəncəyə həmin sürətli qatar maksimum 3 saata getməlidirsə, Gəncədən də Qazaxa 40-45 dəqiqəyə bəlkə daha qısa vaxta çata bilərsə, azı 2 dəfə vaxta udmuş oluram. Ümumiyyətlə, bu və ya digər istiqamətlər üzrə sürətli qatarların istifadəyə verilməsi hər bir vətəndaşın maraqlarına cavab verir", — A. Allahverənov vurğulayıb.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə Sputnik-ə açıqlamasında deyib ki, dəmiryolunda sürətli hərəkət üçün dəmiryolu şəbəkəsi, sürətli qatar olmalıdır: "Bizdə isə bunlar yoxdur".
Avtomobil nəqliyyatına gəlincə, mütəxəssis "Yol hərəkəti" haqqında Qanunun 50-ci maddəsinə diqqət çəkib: "O maddədə göstərilib ki, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda saatda 110 kilometrdən çox olmayan sürətlə, başqa yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər".
"Dünyanın bəzi ölkələrində ancaq avtomagistrallarda saatda 120-130 kilometr hədləri var, hətta nadir hallarda 140 kilometr də var. Avtomagistralların texniki göstəriciləri var. Təhlükəsizlik səviyyəsi, zolaqların eni və s. Bunlar olarsa, avtomagistral sayılır. Hər yola avtomagistral nişanı qoymurlar. Azərbaycanda avtomagistral yoxdur. Çünki, hələ texniki göstəriciləri avtomagistrala uyğun olan yol tikilməyib", — Ə. Hüseynov qeyd edib.