BAKI, 13 sen – Sputnik. "Neftçi" futbol klubunun Azərbaycan Premyer liqasında "Qəbələ"yə 0-8 hesablı biabırçı məğlubiyyətindən sonra klubun müşahidə şurasında yer alan məşhur "KVN-çi" Bəhram Bağırzadə sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına məruz qalıb.
Bəhram Bağırzadə ilə birlikdə, klubun müşahidə şurasının rəhbəri, yazıçı Çingiz Abdullayev də azarkeşlərin hədəfinə tuş gəlib. "Neftçi" fanatları hər iki şəxsi təcili klubdan istefa verməyə çağırıb.
Məsələ ilə bağlı özünün facebook səhifəsində açıqlama verməyə məcbur qalan Bəhram Bağırzadə özlərində təqsir olmadığını, biabırçı məğlubiyyətin səbəbkarının “Neftçi” klubunun rəhbərliyi olduğunu deyib.
Azarkeşlərin sərt tənqidlərinə məşhur "KVN-çi" sosial şəbəkədə eynilə bu cümlələrlə cavab verib: “İşləməyə qoysalar, biz bacararıq”.
"Neftçi" rəhbərliyinin işlərinə maneə törətdiyini iddia edən Bəhram Bağırzadə, futbolçu seçmək işinin səlahiyyətləri daxilində olmadığını, bu səbəblə də məğlubiyyətdə əsas təqsirkar kimi qələmə verilməklərini qəbul etmədiklərini deyib.
“O futbolçuları kluba mən gətirməmişəm. Bu iş mənim və müşahidə şurasının işi deyil. Onları məşqçi və rəhbərlik seçir və cavabdeh də onlardır. Mənim klubdakı əsas işim PR – yəni azarkeşlərlə işləmək, onları stadiona cəlb eləməkdir. İnanın mən 30 kilo arıq olsaydım, futbolçulardan yaxşı oynayardım”, deyə Bəhram Bağırzadə əlavə edib.