BAKI, 11 sen — Sputnik. Son vaxtlar neftin qiymətinin aşağı olması Səudiyyə Ərəbistanında ciddi maliyyə problemləri yaradıb. Lent.az CNN-ə istinadən xəbər verir ki, keçən il bu ölkənin büdcəsi 100 milyard dollar kəsirlə yerinə yetirilib. Krallıq rəhbərliyi neft gəlirlərinin yerini turizmlə, xüsusi ilə də dini ziyarətlərin gətirdiyi gəlirlərlə doldurmaq niyyətindədir.
Səudiyyə Ərəbistanında 12 aylıq turizmin inkişaf perspektivlərini araşdıran "Capital Economics" şirkəti bu ölkənin tarixi, mədəni və sosial həyatının il boyu turizmə uyğun olmadığı qəzaətindədir. Bununla belə ərəblər Həcc ziyarəti ilə bağlı turizmi genişləndirə bilər. Bu istiqamətdə isə əsas iş müsəlman ölkələri ilə viza rejimini ləğv etməkdir. Mütəxəssislər hesab edir ki, keçən il İrandan Səudiyyə Ərəbistanına 600 min turust gəlib ki, bu rəqəmi qat-qat artırmaq olar. Həmçinin iri müsəlman ölkəsi olan Türkiyə ilə də viza rejimi götürülməlidir.
Hesablamalara görə, keçən il Səudiyyə Ərəbistanı Həcc ziyarətindən ümumilikdə 22 milyard dollar qazanıb və bu rəqəmi tezliklə 30 milyarda çatdırmaq olar. Ölkə Həcc ziyarəti ilə bağlı infrastrukturun təkmilləşdirilməsinə son bir ildə 13 milyard dollar xərcləyib.
Qeyd edək ki, hər il Ərəbistan yarımadasına Həcc ziyarəti məqsədi ilə təxminən 2 milyon turist gəlir.