BAKI, 8 sen — Sputnik. Bu günlərdə müsəlman dünyasında Həcc ziyarəti ilə bağlı sensasiyalı xəbər ortaya çıxıb. Sən demə, Səudiyyə hökuməti Həcc ziyarətinin təhlükəsizliyini İsrailə həvalə edibmiş.
Sputnik-in xəbərinə görə, İsrailin rəsmi dövlət radiosu bəyan edib ki, bu il də Səudiyyə Ərəbistanı hacıların təhlükəsizliyinin təmin edilməsi üçün G4S şirkəti ilə müqavilə imzalayıb. Hələ ötən il, Türkiyənin "Yeni Şafak" qəzetinin yazarı Mehmet Şeker ərəb mediasına istinadla yazmışdı ki, Həcc ziyarətinin təhlükəsizliyi bir İsrail şirkətinə həvalə olunub.
Bu şirkət, hacıların Ciddədən Məkkəyə daşınmasından tutmuş, onların barmaq izlərinin götürülməsinə və şəkillərinin çəkilməsinə qədər hər cür təhlükəsizlik tədbirlərini həyata keçirmək səlahiyyətinə malikdir. Livanın "Əl-Ahbar" qəzetinin yazdığına görə, həccin təhlükəsizliyi 2010-cu ildən etibarən İsrailin G4S şirkətinə həvalə edilib. O şirkətin rəhbəri isə Xalid Bağdadi adlı şəxsdir.
Qəzetin yazdığına görə, bu şirkət yəhudiləri silah-sursatla təchiz edir, onun əməkdaşları isə İsrail həbsxanalarındakı fələstinli məhkumlara işgəncələr verir.
Tam adı "Al Majal G4S" olan bu şirkətin kağız üzərində Britaniya-Danimarka müştərək şirkəti olduğu bildirilir. Lakin o, rəsmən İsraildə fəaliyyət göstərir. G4S hələ 2011-ci ildə Məkkədə Həcc ziyarəti zamanı 7 günlük mühafizəçilər üçün iş elanları verməklə diqqəti cəlb edib. G4S başda Bağdad və Dubaydakı hava limanları olmaqla, 16 ölkədə 44 min əməkdaşı ilə fəaliyyət göstərir.
Şirkətin 2014-cü ildə Londonda keçirilən idarə heyətinin toplantısında Eşli Almanza (Ashley Almanza) bildirmişdi ki, Fələstin tərəfdarlarının BDS (Boycott Desinvestissement Sanctions — beynəlxalq antisionist təşkilatı) silahlılarının hücumlarına məruz qaldıqlarından, 2017-ci ildən tez İsrail həbsxanaları ilə müqaviləni təzələməyəcəklər.
Qeyd edək ki, hər il Həcc ziyarəti zamanı təşkilati problemlər və təhlükəsizliyin lazımınca təmin edilməməsi ucbatından yüzlərlə insan həyatını itirir. Bu amil son illərdə Həcc ziyarətinə olan marağın azalmasına səbəb olub. Səudiyyə hökuməti daha çox zəvvar cəlb etmək üçün ziyarətin təhlükəsizliyini təmin edəcəyi barədə bəyanat verib.
Ötən Həcc ziyarəti zamanı baş vermiş və böyük insan tələfatı ilə nəticələnmiş iki qəzadan sonra İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər korlanıb. İran Həcc ziyarəti zamanı qəzalara və çaxnaşmalara görə, Səudiyyəni qabiliyyətsizlikdə günahlandırıb. Nəticədə İran 2016-cı ildə Səudiyyəyə zəvvar göndərməkdən imtina edib. Türkiyə də Səudiyyəni səriştəsizlikdə günahlandıraraq ziyarətlərin təşkilini bir müsəlman ölkəsi olaraq öz üzərinə götürə biləcəyini açıqlayıb. Bundan sonra Səudiyyə Ərəbistanı Həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 17 mindən çox xüsusi xidmət orqanı əməkdaşının qoruyacağını bəyan edib.
Yerli KİV-in yaydığı məlumata görə, ölkə rəhbərliyi fövqəladə halların qarşısının alınması məqsədilə məsul xidmətlərin iş planını qəbul edib. Səudiyyə Ərəbistanı Mülki Mühafizə İdarəsinin başçısı general Süleyman ben Abdulla əl-Əmr bildirib ki, krallığın daxili işlər naziri, eyni zamanda, Həcc Məsələləri üzrə Komitənin sədri Şəhzadə Məhəmməd ben Naif əl-Səud tərəfindən təsdiq olunan iş planı, Həcc ziyarətində təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün resursların səfərbərliyini nəzərdə tutur. Onun sözlərinə görə, həcc ziyarətinin təşkilində və təhlükəsizliyin təmin edilməsində 17 mindən artıq təhlükəsizlik xidmətinin əməkdaşı iştirak edəcək və üç min texniki avadanlıqdan istifadə ediləcək.