BAKI, 6 sen — Sputnik. Azərbaycan Dövlət Yuğ Teatrı (YT) yeni mövsümün açılışına hazırlaşır. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, YT sentyabr ayının 20-də baş rejissor Gümrah Ömərin quruluşunda hazırlanan "Naməlum Axundzadə" (M.F.Axundzadə) ilə tamaşaçılarını salamlayacaq.
Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Ramiq Mehdidir. Tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.
Teatrda sentyabr ayında "Rindü-şeyda", "Medeya. Sekvensiya 001", "Kafkadan salam", "Məhşər günü", "Naməlum Axundzadə" tamaşaları nümayiş olunacaq.
Qeyd edək ki, Yuğ Teatrı cari mövsümdə L.Borxesin "Ölümsüzlük", S.Moemin "Kilsə xidmətçisi", Q.Makresin "Nəhəng qanadlı ahıl senyor", O.Pamukun "Mənim adım qırmızı", M. fon Maenbuqrun "Eybəcər", K.Abdullanın "Bir, iki, bizimki…", Elçinin "Cəhənnəm sakinləri", Qan Turalının "Polkovnikin 3 günü" əsərlərinə də müraciət etməyi planlaşdırır. Həmçinin mövsüm ərzində bir neçə tamaşanın bərpa olunması nəzərdə tutulur.