İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 6 sen — Sputnik. İsmayıllıda bir ailə var — sadə, 4 uşaqlı və avtobusda yaşayan bir ailə. İlk dəfə onlar haqqında oxuyanda mənə qəribə gəlmişdi ki, "axı, insan necə avtobusda yaşaya bilər?". Belə bir şəraitdə yaşaya-yaşaya insanın üzü necə gülə bilər? Bu qədər çətinliyin içində insan necə sevə bilər?
Elə buna görə də bu ailə ilə görüşməyə qərar verdim və yolumu İsmayıllının Qarabağlar qəsəbəsindən saldım. Qarabağlar qəsəbəsinə daxil olanda ilk qarşıma çıxan adamdan "burada avtobusda yaşayan ailə var, harada qalırlar?", —deyə soruşdum və rahatlıqla avtobus-evi nişan verdilər.
Amma ailə evdə yox idi. Mən də oradan boş qayıtmaq niyyətində deyildim. Qonşulardan Xatirə İsmayılovanın (evin xanımı) həyat yoldaşı Rahibin telefon nömrəsini alıb zəng etdim. Bir neçə dəqiqə sonra Xatirə 4 uşağı və əlində iri çörək tası ilə gəlib çıxdı.
Evində şəraiti olmadığı üçün, Xatirə günaşırı bacısıgilə gedib çörək bişirir. Elə indi də bacısıgildə imiş.
X. İsmayılova 1983-cü ildə İsmayıllıda anadan olub. Rahib ilə 2002-ci ildə ailə qurublar. Danışır ki, Rahiblə bir-birilərni sevib ailə qurublar. İki il nişanlı qaldıqdan sonra Rahib sevgilisini qaçırır ailə həyatı qururlar.
"O vaxtlar qaynatam xəstə idi. Rahib də götürüb məni qaçırdı. Ailədə "istənməyən gəlin" olmuşam. Əvvəllər başıbağlı deyildim, sonradan hicaba keçdim. Ailə həyatı qurandan iki il sonra böyük oğlum dünyaya gəldi. Sonra bir-bir uşaqlarım oldu və sevərək dünyaya gətirdim", — deyir Xatirə.
Onlar qabaqlar Rahibin ata evində — İsmayıllının mərkəzində 4 otaqlı bina evində yaşayıblar. Rahibin 3 bacısı və bir qardaşı varmış. Ailə qurandan 40 gün sonra Rahibin ailəsi onları evdən qovur. Gənc ailə Bakıya köçür və Rahib dülgər işləməyə başlayır.
"Ailəmizin birinci övladı olan Ömər 7 aylıq idi. Bir gün Rahibin bacısı zəng etdi ki, "atanın vəziyyəti ağırdır, gəl". Rahib də bizi götürüb, İsmayıllıya qayıtdı. Qaynanamgil 4 otaqlı evi satıb əvəzinə bir otaq almışdılar. Çox çətin idi vəziyyət. İnanın Allaha, 9 il kirayələrdə yaşamışam. Hər dəfə ev dəyişəndə ağlayırdım, bezmişdim köçməkdən. Bir müddət qaynatamgillə yaşadıq. Bu müddətdə kiçik baldızım üç uşaqla boşanıb gəldi. Təsəvvür edin, bir otaqda 12 nəfər yaşayırdıq. Sonra Rayon İcra Hakimiyyətinə ərizə yazıb, dövlət rüsumu ilə bu torpağı aldıq", — Xatirə həyat hekəyəsini nəql edir.
Artıq 3 ildir Xatirəgil bu avtobusda yaşayırlar. Dediyinə görə, Rahibi sevdiyi üçün bir dəfə də olsun, ailə qurmasına peşman olmayıb. Rahibin onu incitdiyi günlər də olub, amma Xatirə sevgisindən üz döndərməyib. Ailə qurduğu 14 il müddətində cəmi bircə dəfə 26 gün ailəsindən kənarda qalıb.
O günləri hələ də özünə bağışlaya bilmir: "Mən necə olub ailəmdən, uşaqlarımdan ayrı qala bilmişəm, başa düşə bilmirəm. Yoldaşımın iş zamanı 3 barmağı da kəsilib. Amma ona əlillik dərəcəsi verilmir".
X. İsmayılova 3 ay əvvəl "uşaqlıdan kənar hamiləlik" problemi ilə əməliyyat olunub. Deyir, daha ana ola bilməyəcək: "İstərdim bir qızım da olsun, amma olmayacaq, daha ana olmayacağam. Mən uşaqlarımla nəfəs alıram. Rahibi də sevirəm, o da mənim bir parçamdır. Amma nə qədər çətinlik çəksəm də, həyatımda bir dəfə də olsun, uşaqlarıma görə peşman olmamışam. Hamilə idim. Onu da dünaya gətirmək istərdim, amma qismət deyilmiş".
Xatirə çətinlik çəkdiyi zamanlarda Rahibin onu sevdiyinə inanmırmış, amma əməliyyat olan zaman həyat yoldaşının onun üçün necə narahat olduğunun şahidi olub: "Həkimlər də deyirdilər ki, "bu, səni nə qədər sevir!". Ağlayırmış mənim üçün".
Onların ac-susuz qaldığı günlər də az olmayıb. Ailədə Ömər, Osman, Məzahir və Fatimə adlı 4 övlad böyüyür. Və onlar yayın istisində, qışın soyuğunda bu avtobusda yaşayırlar.
İndi Xatirənin tək istəyi var: "Evim olsun, uşaqlarıma baxım, onları böyüdüm. Mən 3 əsgər böyüdürəm və bununla fəxr edirəm".
Ailə son 3 ilə yaxın müddətdə ünvanlı sosial yardımdan da məhrum olub. Çünki, evin kişisinin iş yerindən arayış tələb edilir: "Mən də deyirəm, işi olsa, yardımı neynirik ki?".
O, özünün də dediyi kimi, uşaqlarını "yaxşı insanların yardımları" ilə böyüdür — kimi bazarlıq edir, kimi maddi yardım göstərir. Daha əvvəlki kimi uşaqları da ac qalmırlar.
Sağollaşıb çıxanda arxamca deyir: "Bir də nə vaxt İsmayıllıya gəlsəniz, qonağım olun, bəlkə o vaxta qədər evim də olar"…