BAKI, 5 sen — Sputnik. Son günlərin ən narahatedici xəbərləri ölkədə başlayan növbəti bahalaşma dalğası ilə bağlıdır. Ərzaq məhsullarından tutmuş, tikinti materiallarına, məişət cihazlarınadək bütün sahələrdə ciddi qiymət artımı yaşanır.
Sputnik-in əməkdaşı, bahalaşmanın səbəbləri, doğuracağı nəticələr və çıxış yolları ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Nəticələri təqdim edirik.
Vaqif Huseynov — marketoloq: "Əslində, bizdə qiymətlər həmişə normal bazar (dünya) qiymətlərindən qat-qat aşağı olub, əmək haqqı da ona mütənasib şəkildə təqdim edilirdi. İndi qiymətləri bazar tənzimləyir, gömrük, vergi və s. rüsumlar özü artıq məhsul qiymətini bazara uyğunlaşdırır. Sadəcə uyğunlaşmayan əmək haqlarıdır. Bütün bunların ümumi fonunda özəl müəssisələrdə aparıcı ekspertlər müəyyən mənada öz gəlirlərinin artırılmasına hansısa bir formada nail olsalar da, dövlətdən maliyyələşən müəssisələrdə bu, nisbətən çətindir".
Vüsal Qarayev — jurnalist: "Simptom mərhələsi çoxdan keçib. Artıq bahalaşma metastaz verib. Tək çıxış yolu xəstəliyin kökünü, səbəbini tapmaqdadır. Hökumət sərt, qəti addımlar atmalıdır. Qiymətləri süni şəkildə qaldırmaqda maraqlı olan bütün şəxslər ciddi şəkildə cəzalandırılmalıdır".
Tərxan Paşazadə — vikipediya mütəxəssisi: "Bahalaşmanın son nəticəsi kimi maaşların da artmasını gözləmək olar. Amma maaşlar artarsa, qiymətlər yenidən artacaq".
Faiq Mahmudov — tərcüməçi: "İlkin simptomlar ötən ilin sonlarından başlayıb, indi biz artıq fəsadlarını və nəticəsini görürük. Bunun isə qiymətindən yox, təsirindən danışa bilərik. Bahalaşmaya görə sahibkarları deyil, səbəbkarları qınamaq lazımdır. Sahibkar da bizim kimi mənfəət əldə etmək üçün çalışır, baha aldığı xammalı mayasından ucuz sata bilməz. Səbəbi qeyri-neft sektorunun zəifliyində, kənd təsərrüfatı məhsullarını idxaldan asılı vəziyyətə salmaqda axtarmaq lazımdır".
Elçin Əlibəyli — jurnalist: "Postneft dönəmi üçün birinci mərhələ məhz məhsulların bahalaşmasıdır. Ondan sonrakı mərhələdə (müddət iqtisadi islahatlarla bağlıdır) bazarın tənzimlənməsi baş verəcək. Əslində qiymətlər enməyəcək, indi əhalinin alıcılıq qabiliyyətini artırmaq üçün gəlirlərinin çoxaldılmasına nail olmaq lazımdır. Bunu bəzən postneft dönəmində xidmət və satış qiymətlərinin qaldırılması yolu ilə tənzimləmək istəyirlər ki, bu da yanlış, uçurumu dərinləşdirən addımdır. Qiymətlərin qalxmasından sonra alıcılıq qabiliyyətinin azalması qıtlığa gətirib çıxaracaq. İdxal kəskin azalacaq. Bu dönəmdə yerli istehsal bazara yiyələnə bilər. Amma bir vacib şərt var ki, yerli istehsalın xammalı idxaldan tam asılı olmasın. Əks halda yerli istehsal da çökə bilər. İndi dincə qoyulmuş sahələrin dirçəldilməsi üçün maliyyə amnistiyası və daşınmaz əmlakın çevik realizə imkanlarını müzakirə etməklə xaricdən kapitalın gəlişini sürətləndirmək çıxış yolu ola bilər. Digər tərəfdən özəlləşmənin aparılması yolu ilə dövlətin əlində olan iri sahələrin daha çevik işləməsi və investisiya cəlb olunmasını təmin etmək olar. Postneft dövrünün qəfil başlaması bir qədər də psixoloji təsirlər yaratdı. Depressiyanın yaranmaması üçün bu sahədə xüsusi təbliğat konsepsiyası hazırlanmalıdır".
Günel Fərhad — maliyyəçi: "Bahalaşma dayanmamışdı, sadəcə davam edir və edəcək də. Qiymətlər hər həftə qalxır, həftədə bir dəfə supermarketlərdə qiymətləri monitorinq edir, təhlil edirəm. Belə getsə, maaşlar qalxmazsa, bəzi ərzaq məhsullarının istifadəsindən imtina oluna bilər. Bu isə həmin məhsulların idxalının azalmasına, supermarketlərin zərərlə işləməsinə, daxili istehsalçıların isə yeni marketinq strategiyası seçib, qiymətlərə yenidən baxmasına səbəb olacaq ki, məhsulları satılsın. Məncə, prosesin davam etməsi təbii haldır. Çünki ölkənin gəlirləri azalır, alternativ gəlir mənbələri azdır, xərclərə isə qənaət edilir. Deməli, maaşların artması məsələsi yaxın perspektivdə müzakirə olunmayacaq, artsa da, 10%-dək artım ola bilər. 50%-dən yuxarı qiymət artımına baxanda, bu maaş artımı gözə dəyməyəcək. Əlbəttə ki, ailələr şəxsi ailə büdcəsində xərcləri azaltmağa çalışacaqlar. Bir məhsula tələb olmayandan sonra təklif havada olacaq və qiymət məsələsinə baxılması zəruriyyəti yaranacaq".
Nadir Şıxəliyev — sahibkar: "Hər bir ölkənin milli valyutasının gücü, onun bütün sahələri əhatə edən daxili istehsalının gücündən aslıdır. Bu gün ABŞ ona görə dünyaya hökm edir ki, dünya üzrə ümumi daxili istehsalın 30 %-dən çoxu ona məxsusdur. İqtisadiyyatı daha çox neftdən asılı olan ölkələrdə isə bu cür problemlər baş qaldırır".