BAKI, 29 avq — Sputnik. Son günlər ərzaq və məişət məhsullarının bahalaşması davam edir. Bahalaşma demək olar ki, bütün məhsullarda müşahidə olunur. Gedişatdan narahat olan vətəndaşlar hökumətdən təcili tədbirlər görməsini, əks təqdirdə sosial partlayışın qaçılmaz olacağını söyləyirlər.
Narazı vətəndaşlardan biri də Yasamal rayon A.Şərifzadə küçəsində yaşayan Nadir Əbdüləzimovdur. Sputnik-in əməkdaşı ilə söhbət zamanı N. Əbdüləzimov bildirib ki, dörd nəfərdən ibarət olan ailənin başçısıdır və aylıq 500 manat maaşla evi dolandıra bilmir.
"İki övladım var, ikisi də məktəblidir. Yoldaşım işləmir. Tək işləyən mənəm. Aylıq qazancım da 500 manatdır. Çox çətinliklə dolanırıq. Üstəlik də ərzaq və qida məhsullarının qiyməti durmadan artır. Bunun sonu necə olacaq, ciddi-ciddi düşünürəm", — vətəndaş bildirib.
O, aidiyyəti dövlət orqanlarına da səslənib: "Bu ölkənin iqtisadiyyatını kimlər tənzimləyirsə, aşağı təbəqənin güzəranını da nəzərə alsın. Maddi sıxıntıdan əziyyət çəkən insanlar var. Əgər manat dəyərdən düşürsə, əmək haqları artırılsın ki, insanlar da evlərinə yemək apara bilsinlər".
İqtisadçı ekspert Vüqar Bayramob bahalaşma qarşısında hökumətin hansı addımlar atmalı olduğunu Sputnik-ə şərh edib: "Bu gün Azərbaycanda müşahidə olunan inflyasiya daha çox idxal inflyasiyasıdır. Yəni dolların məzənnəsi manata nisbətdə qalxdıqca idxal olan məhsulların qiymətində də artım olur. Bu problemlə mübarizə aparmağın ən doğru yolu idxaldan asılılığı aradan qaldırmaqdır. Yerli məhsul istehsalının genişlənməsi vacibdir. Qısa müddət ərzində idxaldan asılılığın aradan qaldırılması real deyil. Yerli sahibkarlar dəstəklənməli, onlara güzəştli kreditlər verilməlidir. Xüsusən regionlarda sahibkarların fəaliyyətinə müdaxilə tamamilə aradan qalxmalıdır. Bazara çıxış imkanlarının qarşısındakı baryerlərin aradan qaldırılmasına ehtiyac var. Bu barədə ölkə rəhbəri özü də dəfələrlə tapşırıq verib".
V. Bayramlı fermerlərin önünün açılmasının son dərəcə əhəmiyyətli olduğunu qeyd edib: "Bu gün rayonlarda kənd təsərrüfatı məhsullarının qiyməti ilə paytaxt Bakıdakı qiymətlər arasında kəskin fərq var. Bu onunla bağlıdır ki, fermerlərin paytaxt bazarlarına çıxış imkanları məhduddur. Bu da şəhərdəki qiymətlərin yüksək olmasına gətirib çıxarır. Strateji baxımdan, inflyasiya ilə mübarizə, yerli məhsul istehsalının genişləndirilməsi formasında özünü göstərməlidir".
Marketlərdəki qiymət artımı məsələsinə iqtidar partiyasından olan millət vəkili Aydın Mirzəzadə də münasibət bildirib. Millət vəkili Sputnik-ə açıqlamasında qeyd edib ki, müəyyən bahalaşma olsa da, bu, kəskin xarakter daşımır: "Mən özüm də müşahidə aparmışam, lakin qiymətlərdə kəskin artım görməmişəm. Bəli, müəyyən məhsullarda bahalıq müşahidə olunur, bu da birbaşa dolların məzənnəsi ilə bağlıdır. Çünki həmin məhsullar xaricdən gətirildiyi üçün onun qiymətinə də təsir edir. Açıq şəkildə deyə bilərəm ki, yerli məhsullarda bahalaşma ümumiyyətlə yoxdur".
Deputat əlavə edib ki, parlamentin yeni sessiyası işə başlayan zaman bu mövzunu hökumətin gündəliyinə gətirəcəklər: "Təbii ki, vətəndaşların narahatçılığını aradan qaldırmaq üçün biz bu mövzunu hökumətin gündəliyinə gətirəcəyik. Lakin bir daha təkrar edirəm, ərzaq və qida məhsullarında kəskin qiymət artımı yoxdur".