BAKI, 5 sent — Sputnik. Azərbaycan karateçiləri Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Karate 1 Premyer liqa turninirin İstanbul mərhələsindən 8 medalla dönürlər. Mükafatların ikisi gümüş, altısı isə bürüncdür.
Karate Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, idmançılarımızdan Turqut Həsənovla (-84 kq) Orxan Heydərli (+84 kq) ikinci yeri tutub. Fəridə Əliyeva (+68 kq), Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı və Əli Cəfərov (hər iksi +84 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Milli komandanın digər üzvlərindən Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq), Roman Heydərov (kata), Tural Ələkbərli (-60 kq), Tural Ağalarzadə (-67 kq) təsəlliverici görüşlər mərhələsinin son çıxışlarında qələbəni əldən verərək bürünc medal imkanlarını qaçırıblar.
Bu nəticə ilə Azərbaycan karateçiləri 17 medal qazana bilən ölkə idmançıları arasında 7-ci pilləni tutublar. Ümumiyyətlə İstanbul Premyer Liqasında 54 dövlətdən 483 karateçi iştirak edib.
Qeyd edək ki, milli komandamızı 24-25 sentyabr tarixlərində Almaniyanın Hamburq şəhərində daha bir mötəbər Premyer liqa turniri gözləyir. Bu yarışlar oktyabrın axırında Avstriyada dünya çempionatına hazırlıq xüsusiyyəti də daşıyır.