BAKI, 3 sen — Sputnik. Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın paralimpiya yığması və nümayəndə heyəti sentyabrın 3-də Braziliyaya çatıb.
AZƏRTAC xəbər verir ki, XV Paralimpiya Oyunlarında 27 idmançımız mübarizə aparacaq. İdmanın altı — cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 44-dür. Bu, “London-2012” ilə müqayisədə 6 idmançı və 8 lisenziya çoxdur. Heyət daha çox gənclərdən ibarətdir.
Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. İki gün sonra isə Rionun nəhəng “Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb.
XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək keçiriləcək.