İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 2 sen — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (FHN XRXX) Kinoloji Taboru haqqında çox eşitmişdim. Bildiyimə görə, burada dünyanın heç bir yerində olmayan təlimlər keçirilir, xilasedici itlər yetişdirilir.
Taborun komandiri polkovnik Rafiq Hüseynovun özünün də itlərə xüsusi marağı olub. O, İtçilik Klubunun üzvü olmaqla yanaşı, hərbi xidmətə də öz iti ilə gedib. Daha sonra Daxili İşlər Nazirliyində çalışıb. Qısası, ömrünün çox hissəsini dünyada ən sadiq heyvan olan itlərə həsr edib.
Kinoloji Tabora reportaja gedəndə də yolboyu FHN-in əməkdaşı Ehtiram Xəlilovdan Rafiq Hüseynov haqqında soruşurdum. Və nəhayət, gəlib mənzilbaşına çatdıq. Polkovnik bizi səmimiyyətlə qarşılayıb, çaya dəvət etdi. Söhbətə başladıq.
Vanda cəsəd axtaran Azərbaycan itləri
Dediyinə görə, FHN XRXX-nin rəisi general-mayor Şahmar Paşayevin nəzarəti altında baş verə biləcək fövqəladə halların qarşısını almaq məqsədilə, bu gün istər paytaxtda, istər də regionlarda yüksək hazırlıq mövcuddur. Xidmətin Kinoloji Taboru 2007-ci ildən fəaliyyətə başlayıb. Həmin dövrdə Taborun cəmi 9 iti varmış. Onlardan 5-i insan axtarışı, 4- ü isə cəsəd axtarışına təhkim olunmuş itlər olub.
"Qısa müddətdə biz itlərlə təlimə başladıq. İtlər də yeni idi, təcrübə keçməmişdi. İkinci istiqamət üzrə partlayıcı maddələrin axtarışı üzrə də təlimlər keçirdik. O dövrlər tez-tez partlayıcı maddə ilə bağlı həyacan siqnalları gəlirdi. FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti də bütün siqnallara müsbət reaksiya verərək, işarə edilən yerlərə özünü çatdırır və araşdırma aparırdı. Və edilən siqnalların hamısı yalan zənglər olurdu", — müsahibimiz bildirir.
Onun sözlərinə görə, FHN XRXX-nin Kinoloji Taboru 2011-ci ildə Türkiyənin Van vilayətində baş verən zəlzələdən sonra xilasetmə işləri üçün yardım edib: "Biz Ali Baş komandanın və cənab nazirin tapşırığı ilə 7 itlə Türkiyəyə getdik. Vanda bizim itlər 13 canlı və 60-a yaxın cəsəd aşkar etdi. Biz bütün əməliyyatlar zamanı öz işimizi müşahidə edib, çatışmazlıqları üzə çıxarmağa çalışırdıq".
"Vanda əməliyyat zamanı məlum oldu ki, biz vaxt itkisinə yol veririk. Amma bu, bizdən asılı olmayan səbəblərdən idi. Çünki bizim itlər böyük itlər idi. Ovçarka, dobelman, labrador itləri qüvvətli itlərdir. Hadisə yerlərində dəliklər kiçik olur. Xilasedicilər həmin yerləri kəsib böyüdənə qədər, vaxt itkisinə yol vermiş oluruq. Mən düşünürdüm ki, belə olan halda biz hər insanın axtarışı üçün 5 dəqiqə gecikirik. 5 dəqiqə isə insan həyatı üçün çox önəmlidir. Və qərar verdim ki, əməliyyatlar zamanı kiçik itlərdən də istifadə edək", — R. Hüseynov qeyd edir.
Bunun üçün isə itlərə təlim keçmək lazım imiş: "Bu kiçik itlər torpağın altında tülkü axtarıb tapan, quş tutan ov itləri idi. Ov itlərinin doğum instinkti bizə imkan verirdi ki, onlardan istifadə edək. Mən başa düşürdüm ki, onlara təlim keçmək çox çətin olacaq. Çünki bu itlər çox çılğın itlərdir və onlardan heç kim istifadə etmir".
Həmin ərəfədə Bakıya Rusiya Federasiyasından qonaqlar gəlirlər: "Bilirsiniz, onlarda bu sahə daha güclü inkişaf edib. Mən onlarla məsləhətləşdim ki, istəyirəm, kiçik itlərə təlim keçim. Onlar məsləhət görmədilər və bildirdilər ki, onlar da kiçik itlərə təlimlər keçməyə cəhd ediblər, amma alınmayıb. Mən heç nə demədim və qarşıma məqsəd qoydum ki, bunu edəcəyəm və o itlərin axtarışına başladım".
Polkovnik deyir ki, bu itləri seçən zaman onların psixikasına diqqət yetirmək lazımdır: "Çünki bu itlər insanlarla işləyəcəkdi. Ona görə də seçim prosesi bir qədər çətin idi. Mən insana meylli, insanla dostluq edən itlərə üstünlük verirdim. Və istədiyimi tapa bildim".
"Xəsarət alan insan başa düşür ki, onu xilas etmək mümkün olacaq"
Halzırda Kinoloji Taborda elə it var ki, kiçik bir dəlikdən daxil olaraq, xəsarət alan insana su, dərman ləvazimatı aparır. İtlərin üzərində kamera olur və psixoloq xəsarət alan insanla danışır. Xəsarət alan insan da başa düşür ki, onu xilas etmək mümkün olacaq.
Kinoloji Taborda yeni bir xidmət iti hazırlanır. Artıq it təlimlər keçib. Artıq onun xidmətə hazır olması üçün çox az iş qalıb: "Biz ona elə təlim keçmişik ki, zəlzələ və ya uçqun zamanı 10-15 və daha çox insan xəsarət alıbsa, o, hər insanın qarşısında 2 saniyə dayansın. Və o 2 saniyə bizə bəsdir ki, biz kamera ilə baxıb müəyyən edək ki, uçqunun altında neçə nəfər var. Bu itlər bizim gözümüzdür. Çünki kameranı yerin altına başqa cür aparmaq mümkün deyil, amma bu it aparacaq".
R. Hüseynov əvvəldən itlərə marağının olduğunu deyir: "İtçilik Klubunun üzvü olmuşam, öz itimlə hərbi xidmətə getmişəm. Daxili İşlər Nazirliyində bu sahə üzrə işləmişəm və burada da dövlətimiz üçün canla-başla çalışıram. 1992-ci ildə Azərbaycanda Gömrük Komitəsi yarandı. Gömrükdə də kinoloji xidmət olmalıdır. Bizim cənab nazir o dövrdə Gömrük Komitəsinin sədri idi. Dəvət etdi ki, "sən mütəxəssissən, gəl bizimlə çalış". Mən böyük məmnuniyyətlə qəbul etdim".
33 dövlət arasında 1-ci yer
2002-ci ildə Partlayıcı Maddələrin Axtarışı üzrə II Avropa Yarışları keçirilir: "Bizdə isə narkotik axtarışı mövcud idi, partlayıcı maddə axtarışı yox idi. Amma biz də o yarışlara qatıldıq. Çox problemlərimiz olsa da, qısa müddətdə yarışlara hazırlandıq və Azərbaycan 33 dövlət arasında birinci yerə çıxdı. Həmin dövrdə Komitənin sədri məndən nə etmək istədiyimi soruşdu. Dedim, "cənab sədr, ən böyük arzumdur ki, bizdə də Kinoloji Mərkəz olsun, geniş bir binamız olsun və bu sahəni inkişaf etdirək". O, bu fikrimi dəstəklədi və yaradılması üçün tapşırıq verdi. İndi sizinlə oturduğumuz bu bina onun xeyir-duası ilə tikilib. Daha sonra Fövqəladə Hallar Nazirliyi yarandı. FHN-də də kinologiyaya böyük ehtiyac var. İzatoplar var, su hövzələrin qorunması var, bunlar çox önəmlidir".
Hal-hazırda Kinoloji Taborun 45 xidmət iti var. R. Hüseynov bildirir ki, Kinoloji Tabora işçi seçilərkən, onun itə olan qayğısına, davranışına çox diqqət yetirilir. Çünki itə qayğı, sevgi olmasa, onu təlim etmək olmaz.
Tabordakı itlər 4 missiyaya xidmət edir: Kəşfiyyat, insan axtarışı, sanitar it və cəsəd axtarışı. Polkovnikin sözlərinə görə, cəsəd axtarma sonuncu mərhələdir: "Çünki cəsədin axtarışına həmin gün başlamaq mümkün deyil. Cəsədi 72 saatdan sonra — iy verməyə başlayanda tapmaq mümkündür: "Bizdə qoruyucu itlər də var. Su hövzələri, böyük obyektləri qoruyucu itlərimiz qoruyur. Bu gün ən aktual məsələ terrorçuluqdur. Bizim partlayıcı axtaran itlərimiz də var. İtlər fərqlidir. Bəzən olur ki, eynicinsli itin biri 8 aya hazırlanır, digəri il yarıma. Onların qavrayışı da fərqlidir. Burada itin çılğınlğı, itin cinsi və təlimçi amili rol oynayır. Təlimçi itlə ünsiyyət yaratmağı bacarmalıdır".
İtlərə necə təlim keçilir?
Qeyd edək ki, Kinoloji Taborda Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla — obidienslə təlim keçirilir. Rafiq Hüseynov Taborda itlər üçün bütün ləvazimatların olduğunu bildirdi.
Söhbətdən sonra təlim meydançasında itlərin fəaliyyəti ilə tanış olduq. Partlayıcı maddə immitatoru bizim istəyimiz qutuda gizlədildi. Xüsusi təlim görmüş it partlayıcı maddə immitatorunu asanlıqla tapdı.
Bir qədər sonra təlimçi Maşa sanitar itin fəaliyyəti ilə bizi tanış etdi. Sanitar it üzərində zərərçəkənlərə çatdırmaq üçün dərman və su aparmaqla mükəlləfdir. Onun üzərində xəsarət alanın vəziyyəti ilə maraqlanmaq üçün kamera da yerləşdirilib.
Sonuncu it isə müxtəlif manevrlərin üzərindən atılaraq, dəmir boruların daxilindən keçərək verilən tapşırıqları yerinə yetirdi.
Kinoloji Taborda digər cinsdən olan itlərlə də tanış olduq. Qeyd edək ki, Kinoloji Taborda həkim kollektivi də fəaliyyət göstərir. Onlar itlərdə sağlamlıq problemləri aşkarlayan kimi müdaxilə edirlər.
Taborun həkim otağında itlər üzərində keçirilmiş əməliyyatların nəticələri xüsusi bankalarda saxlanılır. Bu bankalarda qeysəriyyə yolu ilə çıxarılmış küçük, əməliyyat yolu ilə çıxarılmış müxtəlif bədxassəli şişlər və sair kimi əməliyyat nəticələri saxlanılır…