BAKI, 8 fev — Sputnik. Artıq bir neçə ildir ki, Bakı şəhərində ev heyvanları saxlamaq dəb halını alıb. Əvvəllər ictimai yerlərdə, parklarda nadir hallarda öz iti ilə gəzən insanlar görürdük. İndi isə it əlindən şəhərdə gəzmək olmur.
"Heyvanlara qayğı göstərmək, onları diqqətdə saxlamaq xeyirxahlıqdır, ancaq vəhşi itləri ev heyvanı adıyla camaatın sıx olduğu yerlərdə gəzdirmək ədəbə sığmır". Bunu Sputnik əməkdaşı ilə söhbətində Orxan Əliyev deyib.
Orxan, öz itini ancaq səhər saat 10-a qədər, axşam isə 11-dən sonra insanların seyrək olduğu vaxtlarda gəzintiyə çıxardığını deyib: "İnsanların çoxu parklara istirahət etmək, dincəlmək üçün gəlirlər. Əsasən də iş saatından sonra və həftə sonları sıxlıq olur. Əsl heyvansevər həmin ərəfələrdə öz itini gəzintiyə çıxarmaz. Heyvansevər olmaq, vəhşi itləri körpələrin olduğu yerdə gəzdirmək deyil. Çünki parklarda təkcə böyüklər gəzmir, azyaşlı uşaqlar da çox olur. Müəyyən vaxt təyin edilməlidir və ancaq həmin vaxtda, insanların seyrək olduğu saatlarda iti gəzdirmək olar".
Orxanın dediyinə görə o öz itini 10 aylıq ikən 300 manata Təzə bazardan alıb: "Lap uşaqlıqdan alman ovçarkalarından xoşum gəlirdi. Bir gün qərara gəldim ki, mən də birini alım. Üz tutdum Təzə bazara. Satıcı ilə danışıqdan sonra 300 manata aldım".
Orxan, Təzə bazarın heyvansevərlər arasında "it bazarı" kimi tanındığını deyəndə, biz də qiymətləri yerində araşdırmaq üçün it bazarına, yəni Təzə bazara yollandıq.
Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, it bazarı üçün əsas mövsüm yaydır.
"Qışda alverimiz zəif olur, demək olar aya cəmi 1-2 it sata bilirik. Bəzən heç o da olmur. Bizim əsas alverimiz yayda olur, isti vaxtı". Bunu satıcı Ayxan Mirzəyev deyib. Onun sözlərinə görə yay aylarında, həftəsonu ərazidə iynə atsan yerə düşməz. Gənc təbəqənin ev heyvanlarına marağının böyük olduğunu deyən Mirzəyev, digər heyvanlarla müqayisədə it alanların sayının daha çox olduğunu söyləyib.
Satıcıdan hazırkı qiymətlər barədə maraqlandıq. Ayxan Mirzəyev ən bahalı it növünün"Kral iti" (King's dog)olduğunu və keçən ay 2 min manata satıldığını bildirdi.
"Quratveller"in qiyməti 300 manatdan başlayır, Pitbullar əsasən 300-500 manat arası, "Doberman" cinsindən olanlar isə 800-1000 manatdan yuxarı satılır. Bundan başqa, 250-300 manata "Baby" itlərini, 800-900 manata "Yorkshire terrier" cinsindən olan itləri sadalaya bilərəm" deyə Mirzəyev əlavə edib.
Başı çıxmayan adamın asanlıqla aldana biləcəyini deyən satıcı, it almağa gələrkən mütləq başı çıxan adamla gəlməyi məsləhət görüb.
Xatırladaq ki, son vaxtlar bəzi işbazlar rayonlardan gətirdikləri yerli cinslərdən olan itlərin zahiri görkəmində müəyyən dəyişikliklər etdikdən sonra, onları xarici cins adı altında satmağa başlayıblar.