Bununla yanaşı, Kərimovun klanı siyasi həyatda iştirakdan kənarlaşdırılır. Bu barəbə Özbəkistan hakimiyyət dairələrinə yaxın olan mənbə "İzvestiya"ya məlumat verib.
İ. Kərimov hazırda süni nəfəs aparatına bağlıdır və yalnız bir neçə gün davam gətirə bilər. Prezident vəfat etdikdən sonra onun ailə üzvləri hakimiyyət dairələrinə yaxın buraxılmayacaqlar. Kərimovun bir qızı Gülnara Londonda ev dustağıdır, digər qızı Lolaya gəldikdə isə, güc strukturları ona hakimiyyəti götürməyə icazə verməyəcək.
"Buna görə prezidentliyə real iddialı şəxs ölkə daxilində və xaricdə dəstəklənən indiki baş nazir Şavkat Mirzəyevdir", — deyə mənbə bildirib.
Bununla yanaşı, hakimiyyət dairələrində belə fikir formalaşıb ki, Kərimovun avqustun 29-da ölməsi barədə müxtəlif KİV-lərə sızdırılan informasiyanın müəllifi onun qızı Loladır. Onun nə üçün belə hərəkət etməsi barədə isə mənbə susur.
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsinin sədri Oleq Paxolkov deyir ki, Rusiya gələcək prezidentin ölkədə sabitliyi qoruyub saxlayacağına inanmaqla yanaşı Daşkəndin xarici siyasət vektorunu diqqətlə izləyəcək.
"Özbəkistanda uzun illərdir ki, bütün hakimiyyət bir adamın əlində cəmlənmişdi. Bunun ötürülməsi prosesi çox ağrılı ola bilər. Yeni liderin hətta Kərimovun komandasının üzvü olmasına baxmayaraq, özünü necə aparacağını bəri başdan demək mümkün deyil. Hərçənd ki, gələcək prezidentin birinci çıxışından və xaricə səfərindən müəyyən nəticələr çıxarmaq olar. Bu zaman Özbəkistanın siyasi elitasında kardinal dəyişikliklər gözləmək olar. İstənilən halda, yeni lider ölkədə sabitliyi qoruyub saxlamaq və qonşularla hər hansı münaqişəyə getməmək bacarığına malik olmalıdır", — deyə Oleq Paxolkov qeyd edib.
Hazırda İslam Kərimovun səhhəti ilə bağlı bir-birinə zidd informasiyalar gəlməkdədir. Məhz onun qızı Lola 29 avqustda özünün Instagram səhifəsində xəbər vermişdi ki, atası iki gün əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Mövcud informasiyaya görə, Kərimovun səhhəti avqustun 27-si gecə milli olimpiya komandasının şərəfinə verilmiş banketdə pisləşib. O da məlumdur ki, o, öz administrasiyasının rəhbəri Zəlimxan Heydərovla danışarkən huşunu itirib və təcili klinikaya yerləşdirilib. Bundan sonra onun sağlıq durumu ilə bağlı hər hansı məlumat verilmir. Kərimov 1991-ci ildən ölkəsini idarə edir.
Regional problemlər institutunun direktoru Dmitri Juravlyov "İzvestiya"ya deyib ki, hakimiyyət dəyişikliyindən sonra Moskva ilə Daşkənd arasında onsuz da gərgin olan münasibətlər daha da pisləşə bilər: "Özbəkistan nə Rusiyaya meyllidir, nə də ona qarşı çıxır. O, daha çox məsafə saxlayır. Münasibətlərin inkişafı konkret vəziyyətlə bağlıdır. ABŞ-la münasibətlərdə gərginlik yarananda Daşkənd Moskva ilə yaxınlaşırdı. Amma son vaxtlar bu əlaqələr kifayət qədər soyuqlaşıb".
"Özbəkistan üçün həyati əhəmiyyətli məqam qonşuları ilə, xüsusən də Çinlə əlaqələridir. Rusiya ilə münasibətlərin potensialı böyükdür, konkret işə gəldikdə isə, ticarət dövriyyəsi qaneedici səviyyədə deyil", — deyə Dmitri Juravlyov bildirib.
Özbəkistanın daxilində, həmçinin qonşuları ilə köhnə münaqişələrə gəldikdə isə ekspert hesab edir ki, hər şey gələcək prezidentin addımlarından asılı olacaq. Əgər yeni leder "dəmir əl" kimi özünü göstərə bilsə, bu, ölkəni xaosdan qoruyub saxlamaqla yanaşı, Daşkəndə qarşı ərazi iddiaları olanların da fəallaşmasının qarşısını ala bilər.