BAKI, 1 sen — Sputnik. Əfsanəvi rusiyalı həkim Leo Bokeriya, reanimasiyada olan Özbəkistan prezidenti İslam Kərimovu müayinə etmək üçün Daşkəndə gedib. Bəzi məlumatlara görə, Leo Bokeriya xəstəni əhatəli müayinədən keçirib. Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimin nümayəndələri onun Özbəkistana səfərini şərh etməkdən imtina ediblər.
Xatırladaq ki, İslam Kərimovun beyninə qan sızması haqda məlumat verilmişdi. Hazırda o, Daşkənddə dövlət xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlər isə onun səhhəti ilə bağlı heç bir proqnoz verməyiblər.
Leo Bokeriya Antonoviç (əsl adı — Leonid) Rusiya Federasiyasının baş kardiocərrahı, Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Federasiyası İctimai Palatasının üzvüdür. Bokeriya öz fəaliyyəti ərzində bir çox məşhur eksperimentlərə imza atıb. Buraya Rusiyada, eləcə də ölkə xaricində həyata keçirilən və kənardan idarə olunan ürək əməliyyatları, ürək xəstəliklərinin simulyasiyası, krioblasiya, fulgurasiya, lazer fotoablasiya və bir sıra digər yeni üsulları aid etmək olar.
Həkim qan dövranı sistemi, qaz mübadiləsi və aritmiya xəstəliklərinin müayinəsi zamanı kompüter üsullarından fəal istifadə edir. O, bu vaxta kimi taxiaritmiyadan əziyyət çəkən 2000-dən artıq insan üzərində açıq ürək əməliyyatı keçirib.