BAKI, 1 sen — Sputnik. ABŞ-da neft ehtiyatlarının artdığını göstərən məlumatlardan sonra, neftin qiyməti bir ayın ən sürətli enişini yaşayaraq, 1 barel = 45 dollar civarında olub. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, ABŞ-da neft ehtiyatlarının artması və buna bağlı olaraq hasilatın təxminən 30 ilin ən yüksək səviyyəsində qalmasından sonra, neftin qiyməti bir ayın ən sürətli enişini yaşayıb.
ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da neft ehtiyatları keçən həftə 2.28 milyon barel artıb və artımını ikinci həftəyə daşıyıb. Səudiyyə Ərəbistanının enerji naziri Xalid Əl-Falih açıqlamasında deyib ki, bu ay bazara sabitlik qazandırmaq üçün OPEC üzvlərinin bir araya gəlməsi planlaşdırılıb. O, ölkəsinin istehsal həcmini artırmayacağını və bazarı neftlə "boğmayacağını" söyləyib.
Neftin qiyməti avqust ayında OPEC-ə üzv ölkələrin sentyabrda Əlcəzairdə keçirəcəyi qeyri-rəsmi görüşdə bir razılığa gəlinəcəyi gözləntisi ilə 7.5 faiz yüksəlib. Xalid Əl-Falih keçən həftə verdiyi açıqlamada istehsalın dondurulmasının bazar üçün müsbət olacağını söyləyib. Fevral ayında OPEC üzvləri və digər istehsalçılar arasında hasilatın "dondurulması" ilə bağlı anlaşma təklifi irəli sürülüb və aprel ayında keçirilən yığıncaqda bir razılığa gəlinməyib.
Qərbi Texas nefti (WTI), NYMEX birjasında 20 sent yüksələrək 1 barel = 44.90 dollara çıxıb. "Brent" nefti London mərkəzli "ICE Futures Europe" birjasında 19 sent yüksələrək 1 bareli 47.08 dollara bərabər olub.
Qeyd edək ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,41 dollar və ya 2,86 faiz azalaraq 47,91 dollar təşkil edib.