BAKI, 31 avq — Sputnik. Özbəkistan prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillyayeva özünün İnstagram hesabından ölkə vətəndaşlarını Müstəqillik Günü münasibətilə təbrik edib.
Sputnik-in məlumatına görə, atasının əvəzindən ölkə xalqını təbrik edən Lola Kərimova-Tillyayeva yazıb: "Səmimi qəlbdən həmvətənlərimi Müstəqillik Günü münasibətilə təbrik edirəm! Mən əməksevər, sonsuz istedada və mərhəmətli ürəyə malik Özbəkistan xalqına xoşbəxtlik, çiçəklənmə və əmin-amanlıq arzulayıram".
Lola, ötən şənbə günü Özbəkistan Prezidentinin beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: "Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir".
L. Kərimova İslam Kərimovun iki qızından biridir və onun əsas varisi sayılır. Çünki Özbəkistan Prezidentinin digər qızı Gülnarə Kərimova ilə münasibətləri korlanıb.
İslam Kərimov avqustun 29-da beyninə qan sızma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Prezident Aparatındakı mənbə onun səhhətinin stabil olduğunu bildirib.
Xatırladaq ki, İslam Kərimov 78 yaşındadır və 1990-cı ildən Özbəkistanın prezidentidir.