BAKI, 30 avq — Sputnik. "Ağırlıqqaldırma ilə yenicə məşğul olmağa başlayan insanlar bəzi məqamlara diqqət etməlidirlər. Əks halda ya sağlamlığından məhrum olar, ya da ki, həyatını itirmə riski ilə üzləşərlər".
Bu sözləri Sputnik-in əməkdaşı ilə söhbət zamanı, "X man" trenajor zalının sahibi və idman ustası Eynar Qoçuyev deyib. Məşqçi qeyd edib ki, bəzi həvəskarlar trenajor zallarına gedərək birdən-birə idmanla uzun müddət məşğul olan insanların rejimində məşq edirlər.
Təbii ki, bu da fəsadsız ötüşmür: "Əsasən də ağır trenajor alətləri ilə idman etmək insanın damarlarını kirəcləyir, nəticədə tromba qədər bir çox fəsadlara yol aça bilir. Belə yanlış hərəkətlərin cəzasını ilk növbədə ürək damar sistemi çəkir. Bəzən ürək əzələsi zərər görür ki, bu zaman infarkt qaçılmaz olur".
Günümüzdə çox geniş yayılmış bu cür problemləri aradan qaldırmaq üçün Eynar Qoçuyev öz tövsiyələrini də verib: "Məşqçisiz idman edənlər, ideal bədən formasına düşmək üçün tələsməsinlər. Ürək sağlamlığını qorusunlar. İnsanlarımız əmin olsunlar ki, gücləndirilmiş rejimdə idman etmək heç də istədiyiniz formanı əldə etməyə səbəb olmur. Sadəcə əzələlərin üzərinə artıq yük düşür".
İdman ustası onu da əlavə edib ki, həvəskarlar bu idman növünə başlamazdan əvvəl mütləq sağlamlıq kağızı alsınlar: "Ölkədə bizim kimi fəaliyyət göstərən minlərlə trenajor zalı var. Biz olimpiada üçün idmançı hazırlamırıq, ona görə də məşq üçün zala müraciət edənlərdən sağlamlıq kağızı tələb etmirik. Bura kommersiya məqsədilə fəaliyyət göstərir. Belə hallarda vətəndaşlar özləri diqqətli olmalıdır. Öz sağlamlıqlarının qayğısına özləri qalmalıdır".
"Məşqə başlamazdan əvvəl həkimdən sağlamlıq kağızı almaq son dərəcə vacibdir. Çünki o adam əmin olmalıdır ki, onun ürək-damar və əzələ sistemləri ağırlıq qaldırma üçün münasibdir yoxsa yox?!", — məşqçi deyib.
5 nömrəli xəstəxananın ürək-damar cərrahı Rasim Məmmədov da Sputnik-ə açıqlamasında mövzuya münasibəti bildirib. Həkimin sözlərinə görə, ağırlıq qaldırma insanın səhhətinə pis təsir edə biləcək ən təhlükəli idman növüdür: "Digər idman növlərindən fərqli olaraq ağırlıq qaldırma, şəxsin həyatını təhlükəyə sala bilər. Bu cür neqativ hallarla bağlı bizim xəstəxanamıza da dəfələrlə müraciət olunub. Şikayətlər əsasən ürək-damarla bağlı olub. Hətta bir neçə dəfə olub ki, vətəndaş məşq elədiyi ərəfədə infarkt keçirib. Nəticədə təcili əməliyyata alınıb".
R. Məmmədov, bu idman növü ilə məşğul olmaq istəyənlərdən sağlamlıq kağızı almalarını və məşqçinin nəzarətində proqramla işləməyi məsləhət görüb.
Xatırladaq ki, bir neçə gün əvvəl Masazır qəsəbəsində yerləşən trenajor zallardan birində məşq edən yeniyetmə oğlanın vəziyyəti anidən pisləşmiş və o dərhal xəstəxanaya yerləşdirilmişdi. Daha sonra əldə etdiyimiz məlumata görə, həmin yeniyetməyə "gizli infarkt" diaqnozu qoyulub.