BAKI, 30 avq-Sputnik. Əməkdar artist Aygün Bəylərin üç il əvvəl öldürülmüş qohumunun (əmisi nəvəsi) qətlinin detalları açıqlanıb.
Bu işin detalları ilə bağlı Sputnik-ə məlumatı Xəzər rayon istintaqının nümayəndələri verib.
1991-ci il təvəllüdlü Hümbətov Elnur Ağasəf oğlunun cəsədi ötən bazar günü tapılıb. 2013-cü ilin iyun ayında onun haqqında itkin düşmüş şəxs kimi axtarış elan edilib.
Hümbətov məşhur muğam ifaçısı Aygün Hümbətovanın əmisi nəvəsidir.
Bu gün Azərbaycanın Daxili İşlər Nazirliyi sözügedən qətlin üstünün açılması ilə bağlı məlumat yayıb. Məlumata görə, cinayətkar qrupun izinə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları düşüblər. Aparılan operativ-axtarış tədbirləri nəticəsində məlum olub ki, Hümbətov 2013-cü ilin mayında öldürülüb.
DİN həmçinin qeyd edib ki, saxlanılanlardan biri — Abbas Hümbətov əməkdar artist Aygün Hümbətovanın qardaşıdır. Bununla yanaşı cinayətin motivi də müəyyənləşib. İlkin ifadələrində saxlanılan şəxslər bildiriblər ki, Elnur Hümbətovu polisin diqqətinə düşməkdən qorxduqları üçün öldürüblər.
İş ondadır ki, onlar bağ sahələrindən birində çətənə kolu əkiblər. Mübahisə zamanı Elnur Hümbətov dostlarını onları polisə verəcəyi ilə təhdid edib. Gənclər inanıblar ki, Hümbətov həqiqətən də onları polisə verə bilər və ondan xilas olmaq istəyiblər. Qətl hadisəsi Suraxanı rayonunun ərazisində baş verib.
Bundan sonra cinayətkarlar onun cəsədini Xəzər rayonuna aparıblar. Qeyd edək ki, cəsədin dəfn olunduğu Qala qəsəbəsindəki özəl torpaq sahəsi Dövlət Yol Polisinin rayon şöbəsinin arxasında yerləşir.