BAKI, 29 avq — Sputnik. Bazar günü, hamının istirahət etdiyi bir vaxtda Xəzər rayon Polis İdarəsinin əməkdaşları üç il bundan əvvəl baş verən vəhşicəsinə qətl hadisəsinin üstünü açıblar. Bu barədə Sputnik-ə Xəzər RPİ-dən məlumat verilib.
Dedektivlər tərəfindən, 1991-ci il təvəllüdlü, 2013-cü ilin 16 iyunundan etibarən itkin kimi axtarışa verilmiş Bakı şəhər sakini Hümmətov Elnur Ağasəf oğlunun ölüm hadisəsinin üstü açılıb. Qeyd edək ki, qətlə yetirilən şəxs əməkdar artist Aygün Bəylərin (Hümmətova) yaxın qohumu (əmisi nəvəsi) olub.
Araşdırmalar zamanı sözügedən gəncin qətlin qurbanı olduğu üzə çıxıb. Hümmətovun cəsədi eksqumasiya edilib. Patoloqoanatomlar belə bir rəyə gəliblər ki, qurbanı boğublar. Onun alt çənə sümüyünün qırıldığı məlum olub.
Operativ əməliyyat tədbirləri nəticəsində qətlin izinə düşüblər və qətldə şübhəli bilinənlən saxlanılıblar. Saxlanılan şəxslər Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və onun qardaşı Elnur Əsirovdur.
Hazırda qətlin 2013-cü ilin mayında adı çəkilən şəxslərin yaşadığı Qala kəndi ərazisində törədildiyi məlumdur. Qətlə yetirilmiş şəxs adıçəkilən adamların dostu olub. İlkin məlumatlara görə, dostlar arasında insident baş verib və bu, Hümmətovun boğulması ilə nəticələnib.
Cinayətin izini itirməkdə də bu adamlar başlıca rol oynayıblar. Belə bir məlumat da var ki, bu qətldə daha bir neçə şəxs də iştirak edib. Hazırda onları polis axtarır.
Qətldən sonra cinayətkarlar Hümmətovun meyidini Qala qəsəbəsindəki yarımçıq tikilinin həyətindəki su quyusuna atıblar. Bundan sonra quyunu betonla doldurublar. Evin sahibi dünənə qədər ona məxsus ərazidə cəsədin dəfn olunmasından şübhələnməyib.
Qeyd edək ki, qətldə iştirak edən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşıdır.