BAKI, 29 avq-Sputnik. Dini radikalizm və xurafat arasında ciddi fərq yoxdur, hər ikisi eyni dərəcədə zərərlidir.
Sputnik-in məlumatına görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Dini radikalizm və xurafat: Bir medalın iki üzü" mövzusunda dəyirmi masada Komitə sədrinin müavini Gündüz İsmayılov səsləndirib.
O qeyd edib ki, dini radikalizm və xurafatla mübarizədə KİV-in üzərinə böyük missiya düşür: "Din xadimlərinin, ilahiyyatçıların, dinşünas alimlərin də üzərinə böyük vəzifə düşür. Mən xurafatla mübarizədə əsrin əvvəlində Mizə Fətəli Axundovun, Cəlil Məmmədqluzadənin, Məhəmməd Əmin Rəsulzadənin və digər ziyalılarımızın rolunu xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu gün dini radikalizm və xurafatla mübarizədə ziyalılarımızın rolu əsrin əvvəlində ziyalılarımızın rolu ilə müqayisədə bir qədər zəifdir".
Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov bildirib ki, vaxtında qarşısı alınmazsa, xurafat dini radikalizmə aparıb çıxaracaq: "Din kimi həssas mövzudan yazmaq üçün jurnalistlərin müəyyən hazırlığı olmalıdır. Təəssüf ki, xurafat, dini radikalizmlə mübarizə adı altında bəzi media orqanlarında işıq üzü görən yazılar əslində əks məqsədə xidmət edir. Sünni-şiə məsələsi barədə yazılar yazanda xüsusən ehtiyatlı olmaq lazımdır. Bəzi jurnalistlər ehtiyatlı olmurlar və bu da sonra müəyyən problemlərə gətirib çıxarır."
Simran Həsənovun sözlərinə görə, bəzən jurnalistlərin Qafqaz Müsəlmanları İdarəsinin hüquq və vəzifələri barədə bəzən məlumatlı olmadığını müşahidə edirlər:
"Hər hansı qəbristanlığın qarşısında duran mollanın, hansısa ucqar kənddə keçirilən kiçik mərasimin Qafqaz Müsəlmanları İdarəsinə hər hansı aidiyyəti yoxdur. Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi din xadimlərinin adları idarənin saytında yerləşdirilir. Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən jurnalistlər üçün 2-3 günlük seminar keçirilməsinə də ehtiyac görürük və bu istiqamətdə addım atılacaq."
G.İsmayılov isə öz növbəsində əlavə edib ki, məzhəbçiliyə, bir məzhəbin digər məzhəbdən üstün olması barədə fikirlərin təbliğinə də yol vermək olmaz: "Çünki burada da tez-tez xurafatçılığa yol verilməsi hallarına rast gəlirik. Bu da son nəticədə radikallığa aparır".
Tədbir çıxışlarla davam edib.