BAKI, 26 avq — Sputnik. Azərbaycan qanunvericiliyi yetkinlik yaşına çatmayan şəxslərin, azyaşlıların əməyinin istismar edilməsini, onların işə cəlb edilməsini qadağan edir. Lakin bəzən elə hallar meydana çıxır ki, uşaqların çalışmasından, çörəkpulu qazanmasından başqa çıxış yolu qalmır.
Elə barəsində məlumat verdiyimiz Vüsal kimi. O, ailənin yeganə övladıdır. 14 yaşı var, bu il 9-cu sinfə gedəcək. Ancaq valideynlərinin imkanı olmadığı və ağır xəstəlikdən əziyyət çəkdikləri üçün, ailəsini saxlamaq məcburiyyətindədir. Ən ağırı da odur ki, o, həm revmatizm xəstəliyindən əziyyət çəkir, həm də onurğa sütununda əyrilik var. Buna görə aylıq 70 manat təqaüd alır.
Bəs, bu cür durumlarda uşaq nə etməlidir? Daha doğrusu, Vüsalın durumunda olan uşaq işləməsin, necə etsin? Və onun işləməməsi üçün dövlət nə edir, yaxud etməlidir?
Küçə uşaqları ilə bağlı məsələyə də toxunan ekspert deyib ki, onlarla daha çox polislər məşğul olur: "O uşaqların xeyli hissəsi rayondan gələnlərdir. Polislər reydlər keçirib onları yığıb, öz rayonlarına göndərirlər. Reydlər güclənəndə o uşaqlar bir az yoxa çıxır, bir az boşluq olanda yenə onları görmək olur".
Ekspert deyib ki, əslinə qalsa, uşaqların məsələsi ilə komissiyalar yerlərdə məşğul olmalıdır: "Həmin uşaqlar hansı rayonun ərazisində qeydiyyatdadırlarsa, müvafiq komissiyanın bundan xəbəri olmalıdır. Komissiya xeyli dərəcədə səlahiyyətli orqandır, amma imkanları zəifdir. Orada cəmi 2 daimi işçi var, qalanı toplaşan insanlardır. Rayonun məsul işçiləridir ki, həmin komissiyalarda təmsil olunurlar. Adətən bu komissiyalar rayon icra hakimiyyəti başçısının müavininin rəhbərliyi altında olur. Komissiya ayda bir dəfə toplaşıb bu işlərə baxır. Amma işlər çox olanda tez-tez də toplaşa bilər".