BAKI, 26 avq — Sputnik. Bu gün dünya bazarları üçün ən kritik gündəm ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin çıxışı olacaq. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Yellenin çıxışında investorlar bu il faiz artımının olub-olmayacağına dair mesajları təqib edəcəklər.
FED-in Nyu-York şöbəsinin rəhbəri Viliyam Dadli və FED-in San-Fransisko şöbəsinin rəhbəri John Villiamsdan sonra FED-in daha iki bölgə rəhbəri — Corc və Kaplan da gələcək aylarda faiz artımının masa üzərində olduğunu söyləyiblər. ABŞ-ın Vayominq ştatında "Jackson Hole" toplantısında Canet Yellenin çıxışı saat 18:00-də başlayacaq.
Qeyd edək ki, FED-in Açıq Bazar üzrə Federal Komitəsinin (FOMC) iclası 20-21 sentyabr tarixlərində keçiriləcək. FED ötən ilin dekabr ayında uçot dərəcəsini artırmışdı.
Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib ki, bu gün Canet Yellen çıxışında növbəti dövrlərdə uçot dərəcəsinin artırılma ehtimalının gücləndiyi mesajını cəmiyyətə çatdıracaq: "Açıqlamaları təxminən bu istiqamətdə olacaq. Xüsusilə toxunduğu nöqtələr işsizliyin səviyyəsinin azalması, yeni iş yerlərinin sayının artması, iqtisadi aktivliyin ilin 2-ci yarısında artım ehtimalının güclü olması kimi məsələlər olacaq. Düşünürəm ki, Yellen mümkün qədər balanslı çıxış etsə də, 2016-cı ildə uçot dərəcəsinin 1 dəfə artırılma ehtimalını açıqlayacaq".
Ekspert deyib ki, Yellenin çıxışından sonra dünya bazarlarında ABŞ dollarının möhkəmlənməsi prosesi başlayacaq. Yəni, ABŞ dollarının digər əsas valyutalara qarşı məzənnəsində artım ehtimalı olacaq.
"Amma bir məsələ də var ki, hələlik sentyabr iclasında FED-in uçot dərəcəsini artırma ehtimalı təxminən 30 faiz olaraq qiymətləndirilir. Bu göstərici hələ də aşağı səviyyədədir. Amma aşağı səviyyədə olmasına baxmayaraq, ötən günlərlə müqayisədə artıb. Çünki, bir neçə gün əvvəl bu, 21 faiz səviyyəsində idi. Bu o deməkdir ki, artıq investorlar uçot dərəcəsinin artırılması ehtimalına yavaş-yavaş inanmağa başlayırlar", — R. Həsənov vurğulayıb.
İqtisadçı hesab edir ki, əsasən ağırlıq dekabr toplantısında olacaq: "Belə ki, böyük ehtimalla FED uçot dərəcəsini sentyabrda deyil, ilin son toplantısında — dekabr artıracaq. Amma verilən qərarlar növbəti dövrlərdə ABŞ iqtisadiyyatının artım tempi ilə bağlı göstəricilərdən asılı olacaq. Əgər ilin 2-ci yarısı ilə bağlı iqtisadi göstəricilərdə artım müşahidə olunarsa, bu, faiz dərəcəsinin artırılma müddətini daha da yaxınlaşdıra bilər".