BAKI, 26 avq — Sputnik. Azərbaycanın idman cameəsində qalmaqallar səngimək bilmir. Növbəti belə hadisə "Azəryol" voleybol klubunda baş verir. Belə ki, bir neçə gün öncə klubun qadınlardan ibarət baş məşqçisi Ziya Rəcəbov işdən azad edilib.
O, yaşanan qalmaqalı Sputnik-ə belə nəql edib: "3 gün öncə "Azəryol" voleybol komandasının direktoru məni çağıraraq bildirdi ki, "bir müddət əvvəl CBC kanalına müsahibə vermisiniz və bu müsahibəniz rəhbərliyin xoşuna gəlməyib. Ona görə də birinci məşqçi kimi yox, ikinci məşqçi kimi işləməyinizi istəyirik". Mən də ikinci məşqçi olmaq istəmədim və işdən çıxmaq qərarına gəldim. Bilmirəm, müsahibə bəhanədir, yoxsa yox. Amma bunu səbəb gətirdilər".
Z. Rəcəbov, eyni zamanda klubun maliyyəsinin azalmasının da klubun işinə təsir göstərdiyini bildirib: "Aylıq büdcə 60 min manata düşüb. Mən də legioner yox, milli qızları komandaya cəlb etməklə uğurlu komanda qurmaq niyyətində idim. Amma belə qərar vermələri bütün işlərimi alt-üst etdi. Mən legioner yox, yerli idmançılara üstünlük verirəm. Axı əcnəbi bizim milləti yerli idmançı qədər sevə bilməz. Hətta deyərdim ki, legionerlərdən ilk olaraq dil biliyini öyrənməyi tələb etmək lazımdır. Necə ki, Türkiyədə bu, tətbiq edilir".
"Necə ki, Nicata qiymət qoymadılar gedib, o da Qazaxıstanın adından yarışaraq qalib oldu. Sonradan hamı Nicatın getməsinə təəssüfləndi. Bu gedişlə çox idmançı Azərbaycanı tərk edəcək və Azərbaycan çox idmançısını həmişəlik itirəcək. Mənimlə də danışıqlar gedir. Ola bilsin, Azərbaycanı tezliklə tərk edim", — keçmiş baş məşqçi vurğulayıb.
O, Azərbaycanda voleybolun çöküş yaşadığını əlavə edib: "Cəmi bir neçə klub qalıb. Bu gedişlə voleybol idman növü yox olacaq. Təcili ciddi qərarlar qəbul edilməlidir".