BAKI, 25 avq — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən paytaxt Ankaradakı iqamətgahında Birləşmiş Ştatların vitse-prezidenti Co Baydeni qəbul edib. Təkbətək görüşdən sonra onlar mətbuat qarşısına çıxıblar.
Ərdoğan Baydendən Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunmasını istəyib. O, 15 iyul çevriliş cəhdinin arxasında məhz Gülənin durduğunu, bunun dəlillərlə sübut olunduğunu bir daha təkrarlayıb.
"Amerika Birləşmiş Ştatlarının bu məsələdə haqlı ümidlərimizi doğruldacağına və lazımi addımları atacağına inanıram", deyə — Ərdoğan əlavə edib.
Öz növbəsində Bayden Fətullah Güləni qorumaq üçün heç bir səbəblərinin olmadığını qeyd edib: "Amerikanın Fətullah Güləni qoruduğunu iddia etmək axmaqlıqdır. Axı, bu? bizim nəyimizə gərəkdir? Türkiyə Böyük Millət Məclisini bombalayan terrorçunu qorumaq ABŞ-a nə verə bilər ki? Siz elə bilirsiniz ki, 15 iyul çevrilişi uğurlu olsaydı və hakimiyyətə hərbçilər gəlsəydi, ABŞ bundan məmnunluq duyardı? Bunu necə düşünə bilərsiniz?".
"Amerika dövləti və xalqı hər zaman demokratiyanın yanındadır, hər zaman türk xalqı ilə birlikdədir. Gülənin ekstradisiya məsələsinin uzanmasına səbəb ölkəmdəki hüquq sistemidir. Əgər prezident Obama, Gülənlə bağlı özü qərar versə, onu o vəzifədə bir dəqiqə saxlamazlar. Çünki ABŞ-da güclər ayrımı deyilən bir hüquq sistemi var. Gülənlə bağlı qərarı da məhz Federal Məhkəmə verməlidir. Düşünürəm ki, yetərli dəlillər təqdim ediləndən sonra ABŞ Federal Məhkəməsi Türkiyənin istədiyi qərarı verəcək", — vitse-prezident qeyd edib.
Türkiyədəki demokratiyaya inandıqlarını söyləyən Bayden "Türkiyə güclü dövlətdir və sizə ehtiyacımız var" açıqlamasını da sözlərinə əlavə edib.
Tədbirdə Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan da danışılıb. Co Bayden ABŞ-ın bu əməliyyatları dəstəklədiyini deyib: "Türk sərhədlərini Türkiyə dövləti özü qorumalıdır. Müttəfiqimiz olan bir dövlətin sərhədində terror şəbəkələrinin fəaliyyəti qəbuledilməzdir".
Ərdoğan isə qeyd edib ki, hərbi əməliyyatlar ölkə sərhədləri terrordan təmizlənənə qədər davam edəcək: "İŞİD də daxil olmaqla, terrorla mübarizə bölgədə ən həssas məsələdir. Terror təşkilatının yaxşısı-pisi olmaz. Onlar arasında ayrı-seçkilik etmək olmaz. Milli təhlükəsizliyimizin təhdid edilməsinə əsla imkan verməyəcəyik".
Baydenin Türkiyəyə səfərini və verilən bəyanatları Sputnik-ə dəyərləndirən politoloq Qabil Hüseynli, zamanla unudulan bir çox məsələlərə toxunub: "Amerikanın Türkiyə üçün əhəmiyyətini sadəcə Fətullah Gülənin qaytarılması ilə bağlayanlar strateji tərzdə düşünməyi ya istəmirlər, ya da bacarmırlar. Əvvəla, Gülənin Türkiyəyə verilməsi siyasilərdən asılı deyil. Türkiyədə bunu çətin başa düşələr. Niyə? Çünki, siyasətçilərin hakimiyyətin müxtəlif qollarına, polisə, məhkəməyə təsir imkanları var. Amerikada isə belə deyil. Hakimiyyətin müxtəlif qolları arasında əlaqələr olsa da, onların hamısı müstəqildir. Xüsusilə də məhkəmələr hədsiz dərəcədə müstəqildir. Prezident onların fəaliyyətinə müdaxilə edə bilməz".
"Co Bayden də dünən Ankarada bunu başa salmaq istəyirdi. O, açıq şəkildə bəyan edir ki, əgər Fətullah Gülənin 15 iyul çevriliş cəhdində əli varsa, türk tərəfi Amerika Federal Məhkəməsinə yetərli dəlillər göndərsin. Əgər sübut olunsa ki, Gülən təqsirkardır, o zaman ABŞ həmin şəxsi Türkiyəyə qaytaracaq", — siyasi şərhçi bildirib.
Onun sözlərinə görə, F. Gülənin Türkiyəyə ekstradisiya ehtimalı olduqca yüksəkdir: "Çünki, həbs olunan generallar, ordu mənsubları Güləndən təlimat aldıqlarını açıq şəkildə söyləyiblər. Lap tutaq ki, bu adamın Türkiyəyə qaytarılması mümkün olmadı, alınmadı. Yenə də bu, Amerika kimi bir dövləti itirməyə, onunla münasibətləri korlamağa dəyməz. Türkiyə xarici işlər naziri Çavuşoğlu deyir ki, əgər Gülən verilməsə, ABŞ Türkiyəni itirəcək. Mənə maraqlıdır, görəsən türk siyasilər özləri başa düşürlərmi ki, onlar nə danışır və bu sözlərin hansı nəticələri ola bilər?!".
"Stalin 1946-cı ildə sizi Sovet respublikasına çevirmək istəyirdi. Özü də cəmi üç gün ərzində İstanbula gəlib çıxacaqdı. O zaman Stalinin qarşısına kim çıxdı? Amerika çıxdı. Sizi NATO-ya kim qəbul elətdirdi? Amerika qəbul elətdirdi. Prosesi sürətləndirdi və cəmi üç günə siz NATO-ya qəbul olundunuz. İndi siz kimə qarşı çıxmaq istəyirsiniz?", — deyə Qabil Hüseynli əlavə edib.
Mövzuya türkiyəli jurnalist-yazar Ömər Dinçər də münasibət bildirib. Onun sözlərinə görə, rəsmi Ankara Fətullah Gülənin qaytarılması üçün nə qədər israrçı olsa da, ABŞ-ın ünvanına sərt ifadələr səsləndirsə də, strateji müttəfiqliyi qoruyub saxlayacaq: "Türkiyə heç vaxt ABŞ-la əlaqələri korlamayacaq. Fətullah Gülənə görə isə heç korlamayacaq".