BAKI, 24 avq — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada başlayan hərbi əməliyyatlardan danışıb. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Ərdoğan "Fırat Kalkanı" adlı əməliyyatın saat 04.00-dan etibarən başladığını deyib: "Təəssüf ki, Suriyadan ölkəmizə edilən hücumlar artıq işi bu yerə qədər gətirdi. Artıq bu işi həll etmək lazımdır".
Terrora qarşı birlikdə mübarizənin əhəmiyyətinə toxunan Ərdoğan qeyd edib: "Əgər terrora qarşı beynəlxalq bir razılaşma olmazsa, bütün insanlıq bundan məsuldur. Onun üçün də birlikdə mübarizə şərtdir. Bizim güclü tarixi bağlarımız olduğu suriyalı qardaşlarımıza səmimi kömək əli uzatmaqdan başqa heç bir niyyətimiz, fəaliyyətimiz yoxdur".
İŞİD-in İslam ilə əlaqəsi olmadığını vurğulayan Ərdoğan deyib ki, bu terror təşkilatı İslamın başına bəla olub: "Türkiyə Suriyanın ərazi bütövlüyünü qorumaqda qərarlıdır. Türkiyə Suriyada səhnəyə qoyulmağa çalışılan oyuna əsla razılıq verməyəcək. Lazım olsa, bütün imkanlarımızdan istifadə edərək Suriyanın ərazi bütövlüyünü qoruyacağıq".
Ərdoğan terror təşkilatlarının Türkiyə xalqını parçalaya bilməyəcəyini də deyib. Terror hücumlarının qarşısında Türkiyənin daha da gücləndiyinə diqqəti çəkən dövlət başçısı sözlərinə belə davam edib: "Bunlar sanırlar ki, hər hücumda biz bir az daha zəyifləyirik. Xeyr, tam əksinə hər hücumda biz daha da güclənirik".