BAKI, 24 avq — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSK) "Fırat Kalkanı" əməliyyatı çərçivəsində, Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Suriyanın Cerablus bölgəsinin İŞİD-dən azad edilməsi ilə bağlı səhərdən başlanan əməliyyat davam edir.
Azad Suriya Ordusu Türkiyə sərhədindən təxminən 3 kilometr cənubda və Cerablus mərkəzindən təxminən 5 kilometr qərbdə yerləşən Keklice kəndini İŞİD-in əlindən alıb. Kənddə yerləşən Azad Suriya Ordusu, buradan şərq istiqamətində mərkəzə doğru irəliləmək üçün kəndin ətrafında təhlükəsizliyi gücləndirir.
TSK da Cerablus bölgəsində İŞİD hədəflərini döyüş təyyarələri və toplarla atəş altında saxlamağa davam edir. Azad Suriya Ordusunun zirehli birliklər ilə bərabər Cerablusun mərkəzinə doğru hərəkət edəcəyi bildirilir.