BAKI, 24 avq — Sputnik. Ötən gecə Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-dan qayıdan idmançıların qarşılanma mərasimində olimpiyaçıların yaxınları və dostları, idman cəmiyyətlərinin üzvləri, azarkeşlər və KİV iştirak ediblər. Sputnik xəbər verir ki, Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının qəhrəmanları transparantlar, bayraqlar, musiqi və gül-çiçəklə qarşılanıblar.
Xatırladaq ki, Azərbaycan Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunub. Onlardan 18-i medal qazanıb: 1 qızıl, 7 gümüş və 10 bürünc.
Komandamıza qızıl medalı taekvondoçu Radik İsayev gətirib. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, Boksçu Lorenso Sotomayor, cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, güləşçi Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko gümüş medal qazanıblar. Taekvondoçular Milad Beygi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çinayev, Sabah Şəriəti, Natalya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya bürünc medal əldə ediblər.
Bu minvalla, Azərbaycanın Olimpiya yığması 207 iştirakçı ölkə sırasında 39-cu yerdə qərarlaşıb. Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü — kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.