BAKI, 24 avq — Sputnik. Üç gündür Beynəlxalq Bankın Mətbuat prospektində yerləşən filialının qarşısında insan əlindən tərpənmək olmur. Xüsusilə dünən səhər saatlarından başlayaraq filialın qarşısında böyük izdiham yaşanıb.
Məsələni araşdıran Sputnik əməkdaşına bəlli olub ki, məsələ cari il ali məktəblərə qəbul olan tələbələrin illik təhsil haqlarının ödənişi ilə bağlıdır. Bankın qarşısında, qızmar günəş altında növbə gözləyən insanlar da Azərbaycan Texniki Universiteti ilə Memarlıq və İnşaat Universitetinin tələbələri və onların yaxınlarıdır.
Həmsöhbət olduğumuz valideyn və tələbələr yaşadıqları durumdan narazılıqlarını ifadə etdilər. Dediklərinə görə, mövcud sıxlığın, sonu gəlməyən növbənin səbəbi onunla bağlıdır ki, bank və universitet rəhbərliyi ödənişlərin məhz və yalnız bu filialda həyata keçirilməsi tələbini qoyub.
"Bankın bu filialında ödəniş etməliyik. Bu istidə bank qarşısında dayanıb gözləməyə məcburuq. Çünki, bankın başqa filiallarında təhsilin ödənişini həyata keçirə bilmərik. Əks halda universitet qəbul etməyəcək. Belə olmaz axı. Hamını yorurlar. Eyni bankın filiallarıdır da, nə fərqi var hansı filial olsun?!", — Solmaz adlı valideyn gileylənir.
İstidən qorunmaq üçün ağacın altında daldalanmağa çalışan Aytən xanım da vəziyyətdən şikayətçi olur: "Bu nədir axı? Niyə hamıya zülm edirlər? Bankda cəmi 3 işçi var və saat 4-ə kimi işləyirlər. Dünən də gəldik və 4 tamama kimi növbəmiz çatmadı deyə qaldı bu günə. Səhər saat 7 tamamdan bankın qarşısındayıq. Başqa bankın filiallarında da ödəməyə qoymurlar".
Yenicə tələbə adını qazanmış Vüqar isə maraqlı bir fakta diqqət çəkir: "Bir tələbə səhvən başqa filialda ödəniş etmişdi. Ona universitetdə qeydiyyat zamanı dedilər ki, "başqa filialda ödəmisiniz, bu möhür təsdiq olunmur, bizdə yarasızdır, yenidən gedib biz dediyimiz filialda pulu ödəməlisiniz". Yəni həmin tələbənin ödədiyi pul hədər getdi".
Gülzar adlı tələbə qız isə başqa bir hadisəni nəql etdi: "Bayaq bank işçisi səhvən bir tələbənin pulunu digər tələbənin hesabına yatırtdı. Buna görə problem yaranıb bankda və ləngimələr olur. Axı biz də istidə günün altında çox gözləyə bilmirik. Bank da saat 4-ə kimi işləyir".
Kənarda dayanıb növbə gözləyən orta yaşlı valideyn də söhbətə qoşulur: "Burada vəziyyət çətindir. Çox ləng işləyirlər, bank 4-də bağlanır. Bizi düşünən yoxdur. Heç olmasa bank bir az iş vaxtını artırsın, işçi sayını çoxaltsın. Belə olmaz axı".
Texniki Universitetin mətbuat xidmətindən Sputnik-ə bildirilib ki, bu problemin yaranmasının onlarla heç bir əlaqəsi yoxdur: "Tələbələrin qeydiyyatında heç bir problem yoxdur. Bizim öhdəmizə düşən işləri düzgün görməyə çalışırıq. Bizdə tələbələrin digər filiallarda pul ödəməsi ilə bağlı heç bir problem yoxdur. Banklarda köçürmə etmək istəyən tələbə və valideynlərin üzləşdiyi problemlər isə birbaşa bankla bağlıdır. Və banklar bu məsələni araşdırmalıdır".
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən isə redaksiyamıza məlumat verilib ki, təhsil haqlarının ödənişi zamanı operativliyin təmin olunması, növbələrin yaranmaması üçün artıq Bank tərəfindən lazımi tədbirlər görülüb: "Əgər ilk günlərdə təhsil haqlarının ödənişi, əsasən, müvafiq ali təhsil müəssisələrinin bank hesabının olduğu filial və şöbələrdə həyata keçirilirdisə, artıq bu ödənişləri Azərbaycan Beynəlxalq Bankının istənilən filialında aparmaq olar".
Qeyd olunub ki, bəzi ali məktəblərin, məsələn, Azərbaycan Tibb Universitetinin tələbələri təhsil haqlarını hələ ötən həftədən müxtəlif filiallarda ödəyə bilirlər: "Artıq digər ali məktəblərin tələbələrinə də belə bir imkan yaradılıb. Ali məktəblərin bu barədə məlumatlandırılması və tələbələrin müxtəlif filiallara yönləndirilməsi üçün Təhsil Nazirliyinə də müraciət edilib və bu məsələ öz həllini tapıb".
Vurğulanıb ki, bundan başqa, təhsil haqlarının ödənişi məqsədilə vətəndaşların ən çox müraciət etdikləri filial və şöbələr, o cümlədən "Mətbuat" şöbəsi gücləndirilmiş iş rejiminə keçib. O da əlavə olunub ki, başqa filialda həyata keçirilən ödənişlər universitet tərəfindən qəbul edilməzsə, bank ödənilən vəsaiti geri qaytara bilər.
Bankın sözügedən açıqlamasında baxmayaraq, dünənki qədər olmasa da, bu gün indiki saatlaradək ABB-nin "Mətbuat" filialı qarşısında qələbəlik davam edir.