CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı tələbələrə bəd xəbər

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidTələbə. Arxiv şəkli
Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar bu il də bahalı və şəraitsiz kirayələrdə, tıxaclı yollarda sürünmək məcburiyyətində qalacaqlar.

BAKI, 10 avq-Sputnik. Azərbaycanın dövlət ali məktəblərində oxuyan tələbələrin əbədi yataqxana problemi var. Sovetlər Birliyi dönəmində hər bir ali təhsil ocağının öz yataqxanası var idi və rayondan şəhərə təhsil dalınca gələn tələbələrin çoxu burada pulsuz qala bilirdilər. Amma azərbaycanlı tələbələrin yataqxana problemi SSRİ-nin dağılması ilə böyük problemə çevrilməyə başladı. Çünki Qarabağ münaqişəsi ölkəyə, eləcə də paytaxta yüz minlərlə qaçqın və məcburi köçkünün gəlməsinə səbəb oldu. Onlar tələbə yataqxanalarında yerləşdirildilər. Tələbələr isə kirayə evlərdə qalmaq məcburiyyətində qaldılar. Amma son illər dövlət məcburi köçkünlər üçün çox sayda yeni evlər inşa edərək onları məskunlaşdıqları yataqxana, uşaq bağçaları və digər yerlərdən yeni mənzillərinə köçürüb. Lakin tələbələrin yataqxanaları nəinki özlərinə qaytarılıb, əksinə, yataqxana binaları bəzi yerlərdə yerlə-yeksan edilib, bəzi yerlərdə isə təmir edilərək başqalarının istifadəsinə təqdim edilib. Bir müddət əvvəl dövlət rəsmiləri yataqxanaların tələbələrə qaytarılacağı barədə bəyanatlarla çıxış etsələr də, deyəsən, bu problem hələ də açıq qalıb.
Sputnik 2016-2017-ci tədris ilində tələbələri yataqxanalarla bağlı nə gözlədiyini araşdırıb.

Okul - Sputnik Azərbaycan
Fətullah Gülənə aid özəl məktəblər və tələbə yataqxanaları bağlanır
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Sputnik-ə açıqlamasında deyib ki, bu il də tələbələri yataqxanalarda yerləşdirə bilməyəcəklər. 

Son illərdə BDU-nun tələbələrinin yataqxana ehtiyaclarının təmin edilmədiyini vurğulayan P.İbrahimova bildirib ki, tələbə şəhərciyinin tikilməsi ilə bağlı layihə var. Bu layihə həyata keçirilərsə, 5-6 min tələbə yataqxana ilə təmin ediləcək. Yaxın zamanlarda bu layihə həyata keçirilə bilər.

Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Cabbarov Sputnik-ə açıqlamasında deyib:

"Universitetin 4 tələbə yataqxanası var. Amma hamısında da məcburi köçkünlər məskunlaşıblar. Yəni, universitetdə hazırda yataqxana yoxdur. Yeni yataqxanaların inşası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub. Amma bu məsələ hələ ki, müzakirə mərhələsindədir."

Azərbaycan Tibb Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova Sputnik-ə açıqlamasında deyib ki, hər il olduğu kimi, tələbələrin ərizə ilə müraciətinə əsasən onların yataqxanalarda yerləşdirilməsi həyata keçirilir. Bu il də qəbul bitdikdən sonra tələbələr həmişəki qaydaya əsasən yerləşdiriləcəklər.

O, bildirib ki, universitetin 6 yataqxanası var və hamısı təmir olunub. Hər il yay tətilində də hər hansı bir çatışmazlıq varsa, tamamlanır. İstər xarici, istərsə də yerli tələbələrin ərizələrinə baxılır, yerlər hesablanır və onlar yataqxana ilə təmin olunur.

Universitet tələbələrinin hamısının yataqxana ilə təminatının mümkün olmadığını vurğulayan G.Aslanovanın sözlərinə görə, hazırda yeni yataqxananın inşası ilə bağlı danışıqlar getmir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov Sputnik-ə açıqlamasında deyib ki, universitetin 4 yataqxanası var və hamısında da məcburi köçkünlər məskunlaşıblar. Ona görə də tələbələri ora yerləşdirmək imkanları yoxdur.

M.İbrahimovun sözlərinə görə, müraciət edən tələbələrin problemini həll etmək üçün universitet rəhbərliyi digər universitetlərin rəhbərliyi ilə əlaqə saxlayır, hətta onlara yazılı müraciətlər də edir ki, imkan varsa, bu tələbələri yerləşdirsinlər.
O, qeyd edib ki, universitet üçün müasir tələbə şəhərciyinin salınması nəzərdə tutulur və bu istiqamətdə lazımi işlər aparılır.

Bıçaq - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda tələbə qız kirayədə qaldığı evin sahibini öldürüb
Məsələ ilə əlaqədar təhsil eksperti Nadir İsrafilov Sputnik-ə açıqlamasında deyib ki, bir sıra beynəlxalq qurumlar hər il dünyada ali məktəblərin reytinq cədvəlini dərc edirlər. Bu cədvələ baxanda Azərbaycan universitetləri ən arxa, aşağı yerlərdədirlər. Bu cədvəlin ilk 30-luğunda yer tutan universitetlərin hamısında tələbə şəhərciyi (kampus) mövcuddur. Burada tələbənin oxumaqdan başqa, ikinci peşəsi yoxdur, hamısı (yataqxana, kitabxana, idman zalı və s.) kompleks şəkildə tələbənin ixtiyarına verilib. Hər tələbəyə ayrıca məsləhətçi təyin olunur və tələbə problemlə rastlaşmır. 

O, bildirib ki, dünya təcrübəsində kampus sisteminə keçid üçün müxtəlif yollar, formalar var. Məsələn, elə ölkələr var ki, ayrı-ayrı iş adamları bu məsələni həyata keçirir. Elə ali məktəblər var ki, dövlət torpaq sahəsini pulsuz ayırır, özəl şirkətlər isə ali məktəbləri və onların kampuslarını yaradırlar.

Azərbaycanda kampus probleminin böyük olduğunu vurğulayan ekspert deyib:

"Bizdə Sovet dövründə bir neçə ali məktəblərin yataqxanaları var idi, müəyyən qisim tələbə yataqxana ilə təmin olunurdu. İndi yataqxanaların əksəriyyətində qaçqınlar və məcburi köçkünlər yerləşdirilib və s. Ona görə də tələbələr böyük problemlərlə üzləşirlər, yataqxana, tıxac məsələsi və s. Tələbənin rahat təhsil alması üçün şərait yoxdur".

Ekspert bildirib ki, bizdə bu məsələlər dəfələrlə gündəmə gətirilib. Kampus sisteminə keçid məsələsi ayrı-ayrı sənədlərdə öz əksini tapsa da, hələ ki, problem öz həllini tapmayıb.

Xəbər lenti
0