BAKI, 23 avq — Sputnik. Beynəlxalq Paralimpiya Komitəsi Rusiya yığmasının tam heyətdə Paralimpiada-2016-da iştirakını dayandırıb. Rusiya bu məsələ ilə bağlı İdman arbitraj məhkəməsinə müraciət etsə də, məhkəmə qərarı onların əleyhinə olub.
Sputnik-in əməkdaşı oxatma idman növündə Azərbaycanı Rio-de-Janeyroda keçiriləcək paralimpiadada təmsil edəcək xanım idmançı Zinət Vəliyevadan məsələ ilə bağlı münasibət alıb.
“Məni də bu məsələ bir idmançı kimi narahat edir. Sağlam idmançılardan fərqli olaraq biz paralimpiyaçılar böyük əziyyətlərlə 4 ilə gəlib lisenziya qazanıb mötəbər yarışı gözləyirik. Amma bəzi səbəblərdən idmançıların yarışda iştirak etməməsi doğru deyil. Mənim iştirak etdiyim oxatma idman növündə Rusiyadan olan güclü rəqiblərim var idi”, deyə Vəliyeva bildirib.