ELM

Müəllimlərin işə qəbulunu yerli təhsil şöbələri həyata keçirə bilər

© Sputnik / İgor Zarembo / Mediabanka keçidRus dili dərsi
Rus dili dərsi - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 23 avq — Sputnik. Azərbaycanda müəllimlərin işlə təmin olunmasında ciddi problemlər yaşanır. Məzunların sayının vakant yerlərlə müqayisədə qat-qat çox olduğu və nəticədə müəllimlərdən ibarət "işsizlər ordusu"nun yarandığı haqda dəfələrlə yazılıb.

Müəllim - Sputnik Azərbaycan
ELM
On yeddi il təhsil alasan və iş tapa bilməyəsən...

Problem cəmiyyətdə də ciddi narazılıq yaradıb. Hətta ötən günlərdə müəllim olmaq istəyən, lakin iş tapa bilməyən vətəndaşlar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası da keçiriblər. Bütün bunlarla yanaşı, məsələ həllini tapmır ki, tapmır.

"Müəllimlərin işə qəbulu qaydaları son 15 ildə bəlkə də 15 dəfə dəyişdirilib. Sovet dövründə müəllimlərin işə qəbulu məsələsi birbaşa təyinat ilə həyata keçirilirdi. Yəni, tələb-təklif prinsipi var idi. Müvafiq təklifə əsasən bütün yerlərdə vakansiyalar öyrənilirdi və bunlar Təhsil Nazirliyinə təqdim olunurdu. Həmin vakansiyaya uyğun ali məktəbi bitirənlər birbaşa təyinat ilə yerlərə göndərilirdi. O vaxt bu məsələ öz həllini tapmışdı".

Bunu Sputnik-ə açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib. O, 2000-ci illərdə qaydaların yenidən dəyişildiyini qeyd edib: "Məsələn, 90-cı illərdə müəllimlərin işə qəbulu məsələsi rayon təhsil şöbələrinə həvalə olunmuşdu. Bütün müəllimlər rayon təhsil şöbəsi tərəfindən işə təyin olunurdu. Bütün məktəblər vakansiyaları "Azərbaycan müəllimi" qəzetində dərc edirdilər. Hər məktəbin qabağında o vakansiyalar yerləşdirilirdi. Məktəbdə 9-11 nəfərdən ibarət xüsusi komissiya var idi. Komissiya müəllim ilə açıq dərs keçirir, müsahibə aparır və müəllimi rayon təhsil şöbəsinə təqdim edirdi. Ondan sonra rayon təhsil şöbəsi əmr verirdi. Lakin, sonradan bu prinsiplər arxivə göndərildi və müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçməyə başladı".

"Hazırda bu qaydalar da dəfələrlə dəyişilib. Əvvəllər müəllimlərin işə qəbulu 70 maddədən ibarət idi. Bu, müəyyən problemlər yaratdı. Ondan sonra qaydalar nisbətən yüngülləşdirildi və 35 maddəyə salındı. İndi 3 pilləli mərhələdir. Burada ziddiyyətlər mövcuddur və zaman-zaman müzakirə edilib", — N. İsrafilov bildirib.

Ekspertin sözlərinə görə, bu qaydalar müəllimlərin işə qəbulunda lazımi şəffaflığı, obyektivliyi təmin etmir: "Bu da haqlı narazılığa səbəb olur. Məsələn, ildə 3500 vakant yer əmələ gəlir. Bir də görürsən ki, 3500-dən 1700 nəfəri işə qəbul olur və qalanları kənarda qalır. Halbuki, bizdə pedaqoji kadrların sayı normadan 2 dəfə artıqdır".

Həmsöhbətimiz daha sonra əlavə edib: "Bu yaxınlarda Təhsil Nazirliyi yenidən bir bəyanatla çıxış edib ki, müəllimlərin işə qəbulu məsələsi yeri şöbələrə həvalə edilsin. Nəyə görə Qubanın təhsil şöbəsi özü müsabiqə keçirib müəllim götürməməlidir? Və yaxud Şəki, Lənkəran və s. Bunlar niyə hamısı Bakıya yığılmalıdır?".

© Photo : AzTodayNadir İsrafilov, təhsil üzrə ekspert
Nadir İsrafilov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Nadir İsrafilov, təhsil üzrə ekspert

"Təhsil nazirinin son çıxışında söhbət getdi ki, müəllimlərin işə qəbulunun yerlərə verilməsi məsələsi üzərində iş gedir. Əgər bu məsələ yerlərə verilsə, problemlər, şikayətlər olmaz. Təhsil Nazirliyi tərəfindən yerlərə kadrlar təyin olunub, əgər bunlara etibar edilmirsə, bunları ora necə təyin ediblər?", — N. İsrafilov vurğulayıb.

Onun dediyinə görə, nazirin son çıxışlarını əsas götürsək, müəllimlərin işə qəbulunun yerlərə verilməsi və məktəb direktorlarının da işə təyinatının yerli təhsil şöbəsi tərəfindən aparılması məsələsi istiqamətində iş gedir: "Ümid edək ki, yaxın 1-2 ildə müəllimlərin işə qəbul məsələsi qaydaya salınacaq".

Xəbər lenti
0