BAKI, 23 avq — Sputnik. Azərbaycan bu il Rio-de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına 56 idmançı ilə qatıldı. Ümumi medal sayında rekordu təzələsək də, yarışda cəmi bir qızıl medal qazana bildik. İdmançılarımız ümumilikdə 1 qızıl, 7 gümüş, 10 bürünc medal əldə ediblər ki, bu da ümumi hesabda komandamızı 39-cu yerdə qərarlaşdırıb.
Bu göstərici qaneedicidirmi? Yaxud Rio-2016 ilə bağlı uğur və uğursuzluqlarımız nədən ibarətdir? Sputnik-in əməkdaşı bu suallarla idman jurnalistlərinə müraciət edib.
Rəşad Ergün — Komanda.az saytının baş redaktoru: "Mən olimpiadanın nəticələrini elə də uğurlu saymıram. Kim nə deyir desin, bizim bu olimpiadada cəmi bir çempionumuz — bir qızıl medalımız oldu. Medalların çoxunu da milliləşdirilmiş idmançılar qazandı. Belə çıxır ki, Azərbaycanda idmanın inkişafı üçün xərclənən külli miqdarda vəsait hədər gedib. Medalları, uğurları bizə başqaları qazandıracaqsa, onda daha idmana milyardlarla vəsait xərcləmək nəyə lazımdı? Başqaları bu olimpiadanı uğurlu saya bilər. Amma mənə görə, Rio olimpiadası bizim üçün fiasko oldu".
Mehman Süleymanlı — Sportnet.az saytının redaktoru: "Ümumi medal sayına görə müsbət hesab edirəm. Hər halda bu, bizim üçün rekorddur. Müsəlman ölkələri arasında birinci, postsovet məkanında Rusiyadan sonra ikinci olmağımızı böyük nailiyyət sayıram. Ancaq cəmi bir qızılın olması, onu da legionerin qazanmasını da nəzərə almaq lazımdır. Medal sıralamasında medalın əyarına üstünlük verildiyindən cəmi bir qızılla razı qalmaqla olmur. Özü də 4-5 qızıl qazanmağımız real olduğu vaxtda. Olimpiya yığmamızın heyətində legionerlər çox olduğundan medalçıların çoxunun onlar olacağı gözlənilən idi. Hər halda onlar ölkəmizin şərəfini qoruyaraq bayrağımızı ucaltdılar. Lazımsız, nəticə verməyən legionerləri isə saxlamağa dəyməz".
Aygün İlqarqızı — Aznews.az saytının idman müxbiri: "Sözün düzü, 18 medal olması sevindirici haldır. Azərbaycan tarixində ilk dəfə olmpiya oyunlarından bu qədər medal qazanılır. Amma 1 dənə qızılın olması heç də ürək açan olmadı. Ötən olimpiadada 2 qızılımız var idi. Onu da güləşçilərimiz qazanmışdı. Düzdür, 2016-cı il Rio Olimpiadasında da güləşçilərimiz hər görüşdən medal götürdülər, bu, bizi sevindirir. Amma qızılsız olması, Toğrulun finalda özünə yaraşmayan güləş nümayiş etdirməsi bizi növbəti qızıl medaldan məhrum etdi. Ümumilikdə yaxşı nəticədir. Bu olimpiadada sevindirici haldır ki, taekvonda, cüdo inkişaf etdiyini göstərdi. O ki qaldı legionerlərə, komandamızın tərkibində legioner olması məncə, çox da mənfi qarşılanmamalıdır. Onlar da bizim bayrağımızı qaldırırlar. Əgər milliləşdirilən idmançı bizim bayrağımızı qaldırıb, himnimizi səsləndirməyə həqiqətən can yandırırsa, ona verilən pulu halal etməyə dəyər. Amma yenə də özümüzünkünə üstünlük verilməsinin tərəfdarıyam. Ancaq vurğulayım ki, bizdə inkişaf etməyən, inkişafı mümkün olmayan idman növləri var. Bilirlər ki, həmin idman növündə 350-400 min manat xərcləyib gətirilən legionerlər heç nə etməyəcək, yenə də pul xərcləyirlər. Məsələn, olimpiya oyunlarına 1 ay qalmış 300 min verib bir qaradərili idmançı gətirdilər. Adı da Kipliqatdır. Marafonda ən axrıncı sırada qaçdı. Olimpiya Oyunlarında ən axrıncı sırada üzən üzgüçümüz də buna misaldır. Bunlar bizə lazım idi?! Yenə də hər bir idmançıya uğurlar arzu edirəm".
Anar Əhmədov — Axar.az saytının redaktoru: "Rioda keçirilən Yay Olimpiadasında iştirak edən idmançılarımızın nəticələrindən razı qalmamaq mümkün deyil. Azərbaycan indiyə qədər heç bir olimpiadada bu qədər medal qazanmamışdı. İdmançılarımızı təbrik edirəm. Yaxşı olardı ki, yığmamızın tam tərkibi milli idmançılarımız olsun. Çünki Azərbaycanın əksər idman növlərini inkişaf etdirmək üçün xeyli imkanları var. Əcnəbi idmançılara verilən pullarla ölkədə populyar olmayan idman növlərini, o cümlədən su idmanını inkişaf etdirmək olardı".
Sahib Əsədbəyli — "Ədalət" qəzetinin idman müxbiri: "Boksçuların tam heyətlə təmsil olunması və onlardan dördünün dünya çempionu tituluna sahib olması nəhayət ki, bu növdə ikidən çox medal qazanacağımıza ümid yaradırdı. Deyərdim ki, minimum biri qızıl olmaqla, boksçulardan 4-5 medal gözlənilirdi. Amma komandanın təlim-məşq toplanışı proqramı ilk baxışdan nə qədər gözəgəlimli təsir bağışlasa da, məşqçi işininin düzgün aparılmadığı nəticələrdə əksini tapdı. Boks yığmasının nəticəsini uğurlu hesab edilməməlidir Çıxışını başa vuran növlər arasında cüdo və avarçəkmənin nəticələrini qənaətbəxş sayıram. Təbii, bunların hər hansı birində çempionluq sevinci yaşasaydıq, daha yaxşı olardı. Və buna potensial da vardı. Taekvandoda şansları ən aşağı dəyərləndirilən Patimatın mükafatçılar sırasına düşməsi bu və sabahkı günə ümidlə baxmağa imkan verir. Güləşə gəldikdə, Mariyanın üçüncü dəfə qızıl medaldan olması və Rövşən Bayramovun uğursuz çıxışı xariс, gözlənilməz uğursuzluq qeydə alınmayıb. Əsas ümid sərbəst güləşçilərə idi ki, onlar da qızıl medal götürə bilmədilər. Yerdə qalan atletika, velosiped idmanı, üzgüçülük, triatlon kimi növlərdə isə onsuz da prinsip "əsas iştirakdır" idi. İdman gimnastı Oleq Stepkonun aşağı nəticə göstərməsi də məni təəccübləndirmir. Ümumən nəticələri nə gözlənilən səviyyədə uğurlu, nə də çox uğursuz hesab edirəm. 18 medal əldə edilib. Bu, özlüyündə yüksək göstəricidir".