Xatırladaq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı avqustun 17-də cinayət işi açılıb. Həmin vaxtı Sputnik-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirmişdi ki, işin təfərrüatları istintaq sirri təşkil etdiyi üçün ətraflı məlumat verə bilməyəcək.
Onun sözlərinə görə, hazırda bu cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Elə bu əməliyyat tədbirləri çərçivəsində də AXCP mənsubları həbs olunublar.
Rəsmi Ankaranın 15 iyul dövlət çevrilişinə cəhddə ittiham etdiyi şəbəkə FETÖ (Fətullahçı Terror Örgütü) adlandırılır ki, onlar ölkədə xaos yaratmaqda, dövlətə xəyanətdə və terror fəaliyyətində təqsirli bilinirlər. Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov Azərbaycandakı FETÖ tərəfdarlarının hamısının üzə çıxarılacağını qeyd edib.
"FETÖ təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və FETÖ-çülərin buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq", — N. Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir: "Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir".
Baş Prokurorluqda istintaqın gedişi ilə bağlı ətraflı məlumat verilməsə də, avqustun 22-də AXCP sədrinin köməkçisi Faiq Əmirlinin konkret hansı maddələrlə təqsirləndirildiyi məlum olub. Onun vəkili Aqil Layıcov deyib ki, F. Əmirli saxlanılarkən ona Cinayət Məcəlləsinin 283.2-ci (milli, irqi, dini düşmənçilik salma) maddəsi ilə ittiham irəli sürülüb. Avqustun 22-də isə ona əlavə olaraq 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ittiham verilib. A.Layıcov qeyd edib ki, F. Əmirli ittihamlar üzrə özünü təqsirli bilmir.
Azərbaycanda Gülən şəbəkəsinin şaxələnməsi və bir çox qurumlara yol tapması barədə mətbuatda mütəmədi müzakirələr getməkdədir. FETÖ qruplaşmasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki biznes lahiyələrində üstün mövqeyə malik olduğu iddia olunur.
Belə ki, iyul ayında saxlanılan Türkiyə "Petkim" neft-kimya kompleksinin keçmiş baş direktoru Sadəddin Qorqud barəsində həbs qərarı verilib. Ümumiyyətlə, Türkiyədə həbs edilənlər arasında "SOCAR Türkiyə"nin baş direktor müavini İlqar Mehmetoğlu və insan resursları şöbəsinin müdiri Raqif Fərəcovun da adı var. Onlar "terrora dəstək verməkdə" ittiham olunurlar.
Xatırladaq ki, Türkiyədə bu ilin iyulun 15-də uğursuz dövlət çevrilişinə cəhd ediləndən sonra ölkədə kütləvi həbslər aparılıb. Rəsmi Ankara çevrilişin arxasında FETÖ şəbəkəsinin dayandığını iddia edir və onun Amerikaya sığınmış lideri Fətullah Gülənin ölkəyə qaytarılmasını israrla tələb edir.