Keçən həftə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEK üzvü olan və olmayan ölkələrin neft istehsalçıları ilə birlikdə neft bazarında tarazlıq yaratmaq üçün çalışacaqlarını bildirib. O, hesab edir ki, sentyabr ayında Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu neft bazarında tələb və təklifi tarazlaşdırmaq və bazarın mövcud vəziyyətini müzakirə etmək üçün yaxşı bir fürsətdir.
Nazir bazarın yenidən tarazlığa doğru istiqamətləndiyini bildirərək qeyd edib ki, bazarda neft ehtiyatlarının azalmasına nail olmaq vaxt alacaq.
Xalid əl-Falih bəzi qısamüddətli pozisiyaların bazara təsir etdiyini və qiymətləri aşağı saldığına səbəb olduğunu deyib: "İstehsal və investisiya sahəsində azalmaların qarşısını almaq üçün qiymətlərin hazırki səviyyədən yuxarı qalxması şərtdir".
"ANZ" Bankın analitikləri isə bildiriblər ki, OPEK-in hasilatı azaltması ilə bağlı gözləntilər fonunda neft yenidən qiymət artımı yaşayır: "Səudiyyə Ərəbistanı gələn ay keçiriləcək qeyri-rəsmi görüşlərdə neft bazarının stabilləşdirilməsinə aid müzakirələrin keçirilməsinə hazır olduğunu bildirdi".
Cümə günü Brent markalı neftin qiyməti iyulun 21-dən etibarən ilk dəfə olaraq bir barel üçün 47 dollar səviyyəsini keçib. Ayın əvvəlindən isə neftin qiyməti 10% —dən çox artıb.
Dünya Bankı da 2016-cı il üçün proqnozunda neftin barelinin qiymətini 37 dollardan 41 dollara qaldırıb. Bank bildirir ki, bu nikbin proqnoza səbəb bazarda durumun yaxşılaşması və dolların zəifləməsidir.
Qeyd edək ki, Beynəlxalq Enerji Forumu çərçivəsində OPEK-ə üzv olan və olmayan ölkələrin qeyri-rəsmi görüşünün 26-28 sentyabr tarixlərində Əlcəzairdə keçiriləcəyi gözlənilir.