BAKI, 11 avq-Sputnik. "Əslən azərbaycanlı ağır atlet Nicat Rəhimov Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Azərbaycan Ağır Atletika milli komandası və keçmiş baş məşqçisi Zlatan Vanevlə problemlər yaşadığına görə, o, yığmamızı tərk edib və Qazaxıstana gedərək həmin ölkənin milli yığmasında iştirakını davam etdirib. Bu hadisə ilk deyil və onlarla belə idmançılarımız var ki, bəzi səbəblərdən Azərbaycanda uğur qazana bilmir, ölkədən gedir, digər ölkələri təmsil edir və uğur qazanırlar.
Bunun hansı səbəblərdən baş verməsini Sputnik-ə idman eksperti, jurnalist Kənan Məstəliyev şərh edib:
"Bunun çox sadə səbəbi var. Nəticə qazanmaq istəyi. Əksər federasiyalar nəticəyə qısa yolla getmək üçün legionerlərdən istifadə etməyə çalışırlar. Doğrudur, elə idman növü var ki, bizim üçün ənənəvi deyil və legionerin gətirilməsi qaçılmazdır. Amma digər bizə xas idman növlərində vəziyyət fərqlidir. Legioner var ki, pul qazanmağa gəlir. Amma eləsi var ki, onlar həm də millətə dəyər verir, bayraq üçün çalışır. Məsələn, Mariya Stadnik elə legionerlərdəndir. Legioner gətirmək olar, amma o, çox güclü olmalıdır. Amma yerli idmançılarla eyni gücdə olan idmançını gətirməkdənsə, öz idmançılarımızı irəli vermək lazımdır."
İdman eksperti Nicat Rəhimovun Azərbaycanı tərk etməsinin səbəbini baş məşqçi ilə yarandığı problemlərdə görür:
"Nicatın Azərbaycanı tərk etməsinə səbəb baş məşqçi Zlatan Vanevin idmançılara münasibəti oldu. Baş məşqçinin Nicat Rəhimova mane olması idmançının öz idman karyerasına xaricdə davam etdirmək qərarı verməsinə səbəb oldu. Görünür Nicat doğru qərar qəbul edib. Göründüyü kimi o, bu gün çempiondur. Nicat çəkdiyi zəhmətlərin nəticəsi olaraq uğur qazanıb."
Bəs Nicat yenidən Azərbaycana qayıdıb Azərbaycanı təmsil edə bilərmi? Kənan Məstəliyev bu suala cavab olaraq deyib ki, bunu əvvəlcə Nicatın özü istəməlidir:
"Düşünürəm ki, Nicat ən azı 2 il bunu istəməyəcək. Çünki onun Qazaxıstanla müqaviləsi var. Bir idmançı ölkəsini dəyişəndə ən azı 2 il heç bir yarışlarda iştirak edə bilməz. Necə ki, Nicat 2 il Qazaxıstana gedəndə iştirak edə bilmədi və sonra yenidən yarışlara qatıldı. Nicat yenidən Azərbaycana qayıdıb buranın vətəndaşlığını bərpa etsə, azı 4 ildən sonra bizi təmsil edə bilər. Bu da idmançının karyerası üçün ziyandır. Azərbaycan artıq Nicatı idmançı olaraq itirib."
Ekspert onu da əlavə edib ki, gedənin dalınca ağlamaq lazım deyil. Əksinə ölkəmizdə Nicat qədər performans nümayiş etdirə biləcək güclü idmançılar az deyil. Sadəcə belə idmançıları kəşf edib, onların uğur qazanmalarına kömək etmək lazımdır.
Ağır Atletika üzrə milli komandanın üzvü, 94 kq çəki dərəcəsində Avropa çempionu, London olimpiadasının 6-cısı İntiqam Zairov isə Sputnik-ə deyib ki, hansı ölkəni təmsil etməyinə baxmayaraq, Nicat Azərbaycanın fəxridir.
"Nicat Bakıda qalsaydı, onun bəlkə də dopinqə düşmə ehtimalı ola bilərdi. Azərbaycan komandası Rio Olimpiadasında iştirak etsəydi, ən azı 3 qızıl medal götürə bilərdi. Nicat Rəhimov, Valentin Xristov, Boyanka Kostova qaliblər sırasıda ola bilərdilər." — deyə İ.Zairov əlavə edib.