BAKI, 11 avq-Sputnik. Təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək.
Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində transfer.edu.az elektron portalı yaradılıb.
Nazirlikdən Sputnik-ə bildiriblər ki, portalın yaradılması bakalavriat səviyyəsində ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır və mərkəzləşdirilmiş qaydada aparılacaq.
Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi ali təhsil müəssisəsini seçmək imkanına malik olacaq. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirəcək.
Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənədlərin qəbulu cari ilin 10 avqust-5 sentyabr tarixlərində aparılacaq.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov Sputnik-ə açıqlamasında deyib ki, buna birmənalı cavab vermək bir az çətindir: "Hazırda biz beynəlxalq təhsil sisteminə inteqrasiya etmişik. İndi dünya elektron sistemə keçib. Bu təkcə təhsildə deyil. Bu zamanın tələbidir. Amma bu məsələ bizdə özünü hansı şəkildə doğruldacaq, bunu zaman göstərəcək. İndi bizdə orta məktəblərdə 1-ci siniflərə qəbul elektron ərizələr vasitəsilə həyata keçirilir. Bundan başqa, müəllimlərin işə qəbulu ilə bağlı ucqar rayonlardan kimsə nazirliyin saytına daxil olmalı, oradan cavab gəlməlidir və s. Bütün bunlar isə bizdə böyük problemlər əmələ gətirir. Biz elektron sistemin üstünlüklərindən yararlanmağa tam hazır deyilik".
N. İsrafilov deyib ki, yeni texnologiyalar zamanın tələbi olsa da, bizdə bundan ifrat dərəcədə sui-istifadə olunur. Tələbələrin köçürülməsinin elektron qaydada aparılmasının da hansı effekt verəcəyini zaman göstərəcək.
"1999-cu ildə bizdə islahatlar proqramı qəbul olundu və bu, dövlət komissiyası tərəfindən hazırlanmışdı. Orada yazılırdı ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olunmalıdır. Amma biz uzun illərdən bəri o toplanmış potensialı nəinki qoruyub, saxlayıb inkişaf etdirdik, onu dağıtdıq. Ona görə bizim təhsilimiz 10 illərlə geri düşdü. Biz hələ Sovetin şinelindən çıxmamışıq, Avropa təhsilini də tam mənimsəməmişik" — deyə ekspert bildirib.
Onun fikrincə, təhsil elə bir sistemdir ki, bu, əsrlərlə oturuşmalıdır. Biz o sistemi oturuşmağa qoymuruq. Gündə bir qayda çıxarır, yenilik, dəyişiklik tətbiq edirik:
Təhsilin təcrübə meydanına çevrilməsinə etiraz edən ekspert deyib: "Təcrübəni 5 dovşanın, 3 siçanın üzərində apararlar, amma biz 50 min, 100 min məktəblinin, tələbənin üzərində aparırıq. Biz dünyada təhsildən müsbət nümunələri gərək götürək. Məsələn, elə ölkələr var ki, dövlət ali təhsil müəssisələrində ödəniş yoxdur. Dubayda magistrlərə 3 min dollar təqaüd verirlər və s. Biz gərək o müsbət təcrübələri götürək".
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu isə Sputnik-ə açıqlamasında tələbələrin köçürülməsinin elektron qaydada aparılmasına optimist yanaşdığını deyib: "Ümumiyyətlə, təhsil naziri cəhd edir ki, belə məsələlərdə subyektiv amillərin rolu minimuma endirilsin. Bu da növbəti addımdır. Hesab edirəm ki, bu addım nəticə verəcək".