Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 101,4 mln. manat təşkil edib. Bu da 2015-ci ilə nisbətən 10,1 % çoxdur.
İqtisadçı-ekspert Pərviz Heydərov "Sputnik"ə açıqlamasında bildirib ki, bu artım əsasən icbari xarakterli sığorta ödənişləri ilə bağlıdır:
"Məcburi xarakterli sığorta ödənişlərilin artması mümkündür, amma bütövlükdə sığorta bazarındakı vəziyyət gərgindir. Sığorta bazarı maliyyə bazarının bir hissəsi olduğuna görə, maliyyə bazarındakı mövcud vəziyyətlə bağlı sığorta sahəsindəki vəziyyət də heç cür qənaətbəxş sayıla bilməz. Bu artım əsasən icbari xarakterli sığorta ödənişləri ilə bağlıdır. Ümumi sığorta bazarının inkişafı isə könüllü sığorta ödənişlərinin hesabına baş verməlidir".
Ekspertin sözlərinə görə, bizdə sığorta mexanizmi ilkin olaraq avtomobil sahəsində geniş tətbiq olunmağa başlayıb, inkişaf etmiş ölkələrdə isə sığorta anlayışı daha genişdir. "Mənzil bazarında, daşınmaz əmlak sahəsində və digər istiqamətlərdə bizdə sığorta məhvumu demək olar ki yox dərəcəsindədir", — deyə o bildirib.
Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində könüllü sığorta növləri üzrə haqlar 15,54%, ödənişlər isə 4,93% artaraq, müvafiq olaraq 177, 1 və 75,1 mln. manat təşkil edib. İcbari sığorta ödənişləri isə 28 % artıb. İcbari sığorta bazarının 80,3 %-i icbari qeyri-həyat sığortasının, qalan hissəsi (19,7%) isə icbari həyat sığortasının payına düşüb. Həyat sığortası bazarında yığım 35%, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5% artıb, ödəniş isə 5% azalıb.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, sığorta bazarının böyüməsi yeni qərarlarla əlaqəlidir: "Məcburi sığortaların sayı artıb, onlarda müəyyən dəyişikliklər edilib. Amma biznes sığortalarındakı canlanma çox aşağı səviyyədədir. Yəni bu artım biznes sığortalarını hələ tam əhatə edə bilməyib".
İcbari sığorta bazarının böyük hissəsini təşkil edən avtomobillərin sığortası da 18,9% artıb. Ekspertlər hesab edirlər ki, vəziyyətə avtomobillərin icbari sığortası ilə bağlı nəzarət mexanizminin gücləndirilməsi təsir edib. Yəni sürücülər artıq düşünür ki, 50 manatı cəriməyə verməkdənsə, avtomobili sığortalamaq daha sərfəlidir.
Natiq Cəfərlinin sözlərinə görə, bunun səbəbi insanların hələ oxşar mexanizmə öyrəşməməsi ilə bağlıdır. "Digər ölkələrdə evlərin sığortası əhalinin öz marağı çərçivəsində edilir, bizdə isə bunu qanundan və cərimələrdən çəkinərək edirlər. İnsanlar hələ bu mexanizmə tam öyrəşməyib yada onlara inanmır. Bu səbəbdən də müəyyən problemlər yaşanır", — deyə o bildirib.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə isə, bu məsələdə sığorta şirkətlərinin də səhvləri var: "Sığorta şirkətlərinin özləri də bir çox hallarda mənzil sahiblərini aldadaraq sığorta məbləğini ödəmirlər, yada onu qismən ödəyirlər. Ona görə vətəndaşlar da günahı sığorta şirkətlərində görüb əmlaklarını sığortalamaqdan imtina edirlər. İnsanların yaşayış səviyyəsi o qədər yüksək deyil ki, onlar mənzilləri sığortalamağa əlavə vəsait ayırsınlar. Həmin vəsaiti onlar qənaət edərək daha ehtiyaclı sahələrə yönəltməyə üstünlük verirlər".
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası "kupça"sız mümkün deyil. Məlumdur ki, Azərbaycanda evlərin 70-80 %-nin, tək Bakı üzrə isə 500 min mənzilin tələb olunan bu sənədi yoxdur. Bu da digər səbəblərlə yanaşı daşınmaz əmlakın icbari sığortasının inkişafına mane olur.