Murad Fərzəliyev, xüsusi olaraq Sputnik Azərbaycan üçün
BAKI, 9 avq-Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb.
Olimpiadanın cüdo yarışında 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov finala qədər keçirdiyi bütün görüşlərdə rəqiblərinə qalib gələrək, yalnız finalda yaponiyalı idmançı Şohei Onoya məğlub olub.
Qələbə uğrunda mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan idmançısı Didar Hamzanı məğlub edərək, 1/8 finalda avstraliyalı Jake Benstedə ipponla qalib gəlib. Bu qələbəsi ilə növbəti mərhələyə yüksələn atletimiz 1/4 finalda London-2012 Olimpiya oyunlarının gümüş mükafatçısı, macarıstalı idmançı Miklos Unqvarini üzərində parlaq qələbə qazanıb.
Yarımfinalda israil idmançısı Saqi Muki ilə üz-üzə gələn cüdoçumuz bu görüşdə də qələbə qazanaraq, finala yüksəlib. Qızıl medalın bir addımlığında olan Rüstəm Orucov finaldakı güclü rəqibi yaponiyalı Şohei Onoya qarşı mübarizə aparıb. Kifayət qədər gərgin keçən final görüşündə yaponiyalı idmançıya şans verən cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.
Qeyd edək ki, London Yay Olimpiya Oyunlarının iştirakçısı olan Rüstəm Orucov bu il Kazanda keçirilən Avropa çempionatının şəxsi yarışlarında birinci, həmin çempionatda komanda yarışında isə üçüncü yeri tutub. İdmançımız 2011-ci ildə Dünya Kubokunun bürünc mükafatçısı və Avropa Kubokunda ikinci yerin sahibi olub. O, 2012-ci ildə Bakıda keçirilən Qran-pridə qızıl, 2014-cü il Türkiyənin Samsun şəhərindəki Qran-pri turnirində gümüş, 2015-ci ildə Tbilisidə keçirilən Qran-pridə isə qızıl medal qazanıb. İdmançımız bu il Bakıda keçirilən "Böyük dəbilqə" beynəlxalq turnirində bürünc, Almaniyada təşkil olunan Qran-pri turnirində isə gümüş medal əldə edib.
Rustəm Orucov Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında ikinci yerdə qərarlaşıb. O, Olimpiya oyunlarına lisenziyanı Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə əsasən qazanıb.