Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Zeynəb Məmmədyarova: "Bizim uğurumuz kişi şahmatçıların nəticəsindən asılıdır"

© Wikipedia / Creative CommonsZeynəb Məmmədyarova
Zeynəb Məmmədyarova - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının lideri Zeynəb Məmmədyarova Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarına cavab verib.

BAKI, 8 avq – Sputnik. Azərbaycanın qadın şahmatçılardan ibarət yığma komandasının kapitanı Zeynəb Məmmədyarova Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarına cavab verib.

– Qadın şahmatçılarımız Olimpiada ərəfəsində iki təlim-məşq toplanışında iştirak edib. Ümumilikdə hazırlığı necə qiymətləndirirsiniz?

– Məşqlərimiz çox maraqlı keçib. Hazırlıqdan razıyam. Sadəcə 3 ay ərzində sıx qrafiklə çalışmaq çox çətindir. Hər ay hazırlıq üçün toplaşdığımız zaman yaxınlarımızdan uzaq düşürük. Bu mənada bir qədər çətinlik yaradır. Qəbələdəki məşqlər bütün şahmatçılarımıza yaxşı təsir edəcək. Debütlər üzərində işlədik, bir-birimizlə şahmat oynadıq. Asudə vaxtlarda Bakı Şahmat Olimpiadası haqda müzakirələr apardıq. Bu yarışda ilk dəfə ölkəmiz həm qadınlar, həm də kişilər arasında 3 komanda ilə təmsil olunacaq. Ona görə hər birimiz məsuliyyət hiss edirik.

– Növbəti hazırlıq nə vaxtdan başlayır?

– Sabah Olimpiadaya son hazırlıq mərhələsi başlayır. Əsas komandamız Gürcüstan yığmasıyla qarşılaşacaq. 5 gün ərzində biz gürcü xanımlara qarşı oynayacayıq. Nəticələr reytinqə hesablandığından çox maraqlı mübarizə olacaq. Olimpiada ərəfəsində zəif nöqtələrimiz üzə çıxacaq. 

– Gürcüstan yığması reytinqə görə bizim komandamızdan üstündür. Bu mənada yoldaşlıq görüşündə güclü rəqibə qarşı oynamaq çətinlik yaratmayacaq?

– Həmişə güclü şahmatçılara qarşı oynamaq istəmişik. Bir-birimizlə şahmat çox oynayırıq. Güclü rəqiblə mübarizədə şahmatçı səhvlərini görür. Yoldaşlıq görüşündə güclüyə qarşı oynamaq lazımdır ki, Olimpiadada istənilən rəqibə hazır olaq.

– Qadın şahmatçılarımız Olimpiadada hansı hədəf uğrunda yarışacaq?

– Məqsəd ilk onluqda qərarlaşmaqdır. Xantı-Mansiyskdə keçirilən Olimpiadada biz 3-8-ci yerləri bölüşdürmüşdük. Bakıda onluğa düşməsək, nəticəni uğurlu hesab etməyəcəm. 70% komandamıza inanıram. Bir çox amillər yarış vaxtı özünü göstərəcək. Əsas komandamızın psixoloji cəhətdən hazır olmasıdır. Üçüncü yığmada iştirak edən xanım şahmatçılar üçün yarış böyük təcrübə olacaq. Bütün komandalarımızda çox istedadlı şahmatçılar var. Ümid edirik ki, gələcəkdə yığmada rəqabət güclənəcək.

– Kişilərdən ibarət yığmaya böyük ümidlər bəslənilir. Həmkarlarından hansı nəticəni gözləmək olar?

– Proqnoz vermək yaxşı adət deyil. Biz hamımız onlara dəstək oluruq. Bütün yarışlarda şahmatçılarımız ölkəmizi layiqincə təmsil etmək üçün çalışır. Onların uğur qazanmaq şansları çoxdur. Biz onlara inanırıq. Oğlanlar da yaxşı hazırlıq keçib. Qadın yığmamızın uğurlu çıxışı kişi komandasının nəticəsindən asılıdır. İnanın, bu belədir. Oğlanlar yaxşı oynayanda bizə sanki əlavə güc gəlir. Şəhriyar və komanda yoldaşları qələbə qazanan turdan sonra biz də yaxşı nəticə göstərməyə çalışırıq. Sanki yaxşı mənada rəqabət yaranır. 

– Sizin fikrinizcə, Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ölkədə idmanın bu növünə necə təsir edəcək?

– Bu yarışın Bakıda keçirilməsi tarixi hadisədir. İndiyə qədər Bakıda heç bir yarışda bu sayda ölkə təmsil olunmayıb. 180-dən çox ölkənin paytaxtımıza gəlişi Azərbaycanı növbəti dəfə dünya şahmatının mərkəzinə çevirəcək. Həmişə müxtəlif yarışlarda iştirak etdiyimiz vaxt bizdən Azərbaycan haqda soruşurdular. İndi qonaqlar özləri gəlib Bakını görəcək və yüksək təşkilatçılığın şahidi olacaqlar. Məmmədyarovlar üçün olimpiada xüsusilə əlamətdar olacaq. İlk dəfə mən, qardaşım Şəhriyar və bacım Türkan müxtəlif komandalarda birinci lövhədə çıxış edəcəyik. 

– Qardaşın Şəhriyar hazırlaşmaqda sizə kömək edir?

– Evdə şahmatdan çox danışırıq. Vaxt olanda sürətli şahmat oynayırıq. Çətinlik olan zaman Şəhriyar bizə dəstək olur. Məsləhət istədiyimiz vaxt həmişə kömək edib. Debütlə bağlı sual verdikdə müxtəlif variantlar təklif edir. Amma evdə oynayanda da Şəhriyarı uda bilmirik. Zarafat edirik, lakin sonda yenə qardaşım qələbə qazanır (gülür). 

– Bakı Şahmat Olimpiadası sizin üçün digərlərindən necə fərqlənəcək?

– Məsuliyyət çoxdur. Xarici ölkədə olduğumuz zaman azarkeşlər bizim haqda yalnız mətbuatda oxuyur. Amma indi şahmat həvəskarları Bakı Kristal Zalına gəlməklə bizə dəstək olacaqlar. Müəyyən mənada çətin olacaq. Təzyiq deməzdim, sadəcə yaxınlarımızın yanımızda olduğunu unutmayacayıq. Dəstək çox vacibdir. Yaxşı nəticə qazanmaqla hamını sevindirməyə çalışacayıq.

Xəbər lenti
0