BAKI, 5 avq-Sputnik. Əfsanəvi futbolçu, üçqat dünya çempionu Pele Rio-de-Janeyroda Olimpiyadanın açılış mərasimində məşəlin alovlandırılması mərasimində iştirak etməyəcək.
Sputnik-in məlumatına görə, əfsanəvi futbolçunun nümayəndəsi bu yaxınlarda əməliyyat olunan 75 yaşlı Pelenin səhhətində yarandığı problemlərlə bağlı mərasimə qatılmayacağını aşıqlayıb.
Qeyd edək ki, Braziliya milli komandasının heyətində üç dəfə dünya çempionu olmuş "Futbol kralı" ləqəbli Peleyə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nın açılış mərasimində Olimpiya məşəlini yandırmaq təklif olunub.
Buna səbəb Rio-2016-nın açılış mərasiminin avqustun 5-də "Marakana" stadionunda — 1969-cu ildə Pelenin karyerasındakı 1000-ci qolunu vurduğu arenada keçirilməsidir.
Pele bildirmişdi ki, məşəli yandırmağı ondan şəxsən İOC prezidenti Tomas Bax və OO-2016-nın təşkilat komitəsinin rəhbəri Karlos Artur Nuzman xahiş edib. Amma sponsorluq müqavilələri üzrə öhdəliklər ona mane ola bilər.
"Mənim yerinə yetirməli olduğum müqavilə şərtləri var. Amma bir braziliyalı kimi, əlbəttə, bunu etməyi istərdim. Bu məsələyə dəqiq cavabım cümə axşamı olacaq", — deyə 75 yaşlı Pele bildirmişdi.
Qeyd edək ki, avqustun 6-ı Bakı vaxtı ilə saat 03:00-da "Marakana" stadionunda XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.