BAKI, 5 avq — Sputnik. Dünən Tarif (qiymət) Şurasının növbəti iclasında daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib.
Ümumilikdə, Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, əczaçılıq forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 7347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2503 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.
Beləliklə, 2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Bununla da, bir il əvvəl başlanan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi intensiv şəkildə davam etdirilərək, Tarif (qiymət) Şurasının 10 iclası keçirilmiş, idxal dəyəri ilə ifadədə 44% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-dən çoxunun qiyməti endirilib.
Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, Tarif Şurasının dərmanların qiymətinin tənzimlənməsi məsələsi mübahisəlidir. Tarif Şurası yaradılarkən ona dövlətin nəzarətində olan bazarda təbii inhisarların qiymət diktəsi etməmək üçün dövlət tərəfindən tənzimləyici bir funksiya verilmişdi. Amma dərman sənayesi, ümumiyyətlə, dərman satışı dövlət tərəfindən tənzimlənmirdi.
Ekspert bildirib ki, son dövrlərdə bununla bağlı qərarlar verildi və bunun nəticəsi olaraq Azərbaycandan bəzi şirkətlərin getməsini, ölkədə bəzi dərmanların tapılmamasını müşahidə etdik. Bu gün də Azərbaycandan xaricə gedənlər qohumları, tanışları tərəfindən bəzi dərmanların alınıb gətirilməsi ilə bağlı tez-tez xahişlərlə qarşılaşır.
O, qeyd edib ki, əslində dərmanların keyfiyyətinə və insan sağlamlığına təsirinə dövlət ciddi nəzarət etməlidir: “Amma qiymətlərə gəldikdə, qiymətlərin dövlət tərəfindən tənzimlənməsi sonradan bir çox problemlərə səbəb olur. Yəni, dövlət dərmanların özünü deyil, molekullarını təsdiqləyir. Bu molekulların bir çox ölkələrdə istehsalı var. Satış şirkətləri daha keyfiyyətsiz istehsal olunan dərmanları ölkəyə gətirməyə meyillənirlər ki, daha çox qazanc əldə etsinlər. Çünki, tənzimlənən qiymətlərdə başqa cür qazanc əldə etmək mümkün deyil. Amma bunun yolu bu, deyil. Əslində, bazarı daha da genişləndirmək, rəqabəti artırmaq, kifayət qədər böyük şirkətlərin bazara birbaşa girməsinə təminat yaratmaq və yaxud yerli istehsalı artırmaq yolu ilə olurdu”.
Ekspert bildirib ki, qiymət tənzimlənməsinin ən vacib elementlərindən biri vergi və gömrük alətləridir: “Bu sahədə Azərbaycanda yerli istehsal olmadığına görə dərmanlara tətbiq olunan vergi və gömrük rüsumları kifayət qədər yüksəkdir, məntiqə uyğun deyil. Qiymətlərin aşağı çəkilməsinin ən rahat yolu vergi və gömrük güzəştlərinin tətbiqidir. Çünki, yerli istehsal olmadığına görə bunu çox rahatlıqla tətbiq etmək mümkün idi. Amma təəssüf ki, başqa yol seçildi. Bu yolun effektivliyi şübhəlidir. Çünki, həm bazara aşağı keyfiyyətli dərmanların daxil olması məsələsi aktuallaşır, həm də bazarın özündə qıtlıq yaranır. Bir çox hallarda Azərbaycanda tapılmayan dərmanların fərdi şəkildə xaricdən alınıb gətirilməsi məsələsi gündəmə gəlir”.
O, deyib ki, bu məsələyə yenidən baxılmağa ehtiyac var: “Tarif Şurası deyil, başqa bir orqan ancaq dərmanların keyfiyyətinə və insan sağlamlığına vurduğu zərərləri və yaxud xeyirləri ölçməklə vəzifələndirilməlidir. Belə bir funksiya onsuz da var idi və bu, genişləndirilməlidir. Amma qiymət məsələsinə dövlətin qarışması heç də xoşa gələn hallara gətirib çıxartmır və ciddi problemlər yaradır”.
“Qiymət endikcə, məhsulun keyfiyyəti də aşağı düşür. Bir var iş adamları Avropa istehsalı olan molekulu ölkəyə gətirsinlər, bir də var Hindistan istehsalı olan molekulu gətirsinlər. Çox zaman iş adamları Hindistan istehsallı molekullara girişirlər ki, bunun da keyfiyyəti çox aşağıdır”, — deyə ekspert qeyd edib.
İqtisadçı-ekspert Qubad İbadoğlu Sputnik-ə açıqlamasında deyib ki, ümumiyyətlə, qiymətin bu cür tənzimlənməsi yanlış yanaşmadır: “Bu, bütövlükdə götürəndə qıtlığa gətirib çıxardacaq, dərmanların keyfiyyətinə mənfi təsir göstərəcək, eyni zamanda, bəzi dərmanların qiymətinin bahalaşmasına səbəb olacaq”.
Ekspert deyib ki, bu proses həm də başqa mənfi hallara gətirib çıxarır: “Bir çox apteklərdə dərmanların qeyri-rəsmi dövriyyəsi yaranır. Onlar həkimlərlə birgə həmin dərmanların qıtlığından istifadə edərək bu prosesdən bir növ öz maraqları üçün, daha çox qazanmaq üçün istifadə edirlər. Qazandıqlarını da həkimlərlə öz aralarında bölüşdürürlər. Yaxşı olardı ki, belə ucuz dərman gətirilməsini standartları və keyfiyyəti gözləmək ilə rəqabət şəraiti ilə təmin edərdilər. İndiki halda hesab etmirəm ki, bununla bütövlükdə problemlər həll olunacaq. Amma istənilən halda qiymətlərin endirilməsi vacib idi”.
O, qeyd edib ki, ucuz dərmanın keyfiyyəti həmişə aşağı olub: “Bəzən görürsən onun tərkibində olan hansısa vacib kimyəvi element ixtisara salınır ki, qiyməti bahalaşmasın. Bu da son nəticədə həmin dərmanların effektivliyini azaldır. Bu baxımdan inzibati qiymət tənzimlənməsi prosesi düşünmürəm ki, düzgün yanaşma idi”.