BAKI, 4 avq-Sputnik. UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
"Qəbələ" klubu öz meydanında Fransa klubu "Lill"lə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxıblar.
Matça fəal başlayan "Qəbələ" hesabı birinci açıb. 34-cü dəqiqədə xorvatiyalı legioner Filip Ozobiç uzaqdan zərbə ilə komandasını önə keçirib.
Matç boyunca daha bir neçə təhlükəli vəziyyət yaradan komandamıza oyunçuların qeyri-dəqiqliyi mane olub.
Rəqib komanda son anlarda fəallaşsa da, onlara bərabərlik qolunu vurmaq nəsib olmayıb. Beləliklə, "Qəbələ" 1:0 hesabı ilə rəqibi "Lill"ə qalib gəlib.
Bununla da "Qəbələ"nin sayəsində ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.
Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ"a qoşulan "Qəbələ" ötənilki uğuruna yaxınlaşıb. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə əldə edən təmsilçimiz 5 qələbə qazanıb.