BAKI, 2 avq-Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunları-2016-nın açılış mərasimi əvvəlki yay Olimpiadalarında olduğu kimi bahalı və miqyaslı olmayacaq.
Sputnik Reuters-ə istinadən xəbər verir ki, məlumatı tədbirin icraçı prodüseri Marko Baliç verib.
"Bu dəfə möhtəşəm şou keçirilməyəcək. Rioda Pekindəki dəbdəbə, Afinadakı nəhəng xüsusi effektər, Londondakı qeyri-adilik olmayacaq. Sadə, amma müasir mərasim olacaq. Hətta xüsusi effektlər olmadan da o, insanlara gələcək haqqında danışacaq", — deyə M.Baliç söyləyib.
M.Baliç tədbirin Braziliyadakı çətin maliyyə vəziyyəti fonunda təşkil edildiyini qeyd edib. Açılış mərasiminin ümumi smetası Londonda keçirilmiş Olimpiya Oyunları 2012-dəki 42 milyon dolların təxminən yarısı qədər olacaq.
Xatırladaq ki, Rio-2016-nın açılış mərasimi avqustun 5-də "Marakana" stadionunda keçiriləcək. Olimpiada avqustun 21-də başa çatacaq.