BAKI, 29 iyul-Sputnik. Ermənistanın paytaxtı Yerevan şəhərində polis silahlı müxalifətçilərin ələ keçirdiyi Post-patrul Xidməti alayının binası yaxınlığında, Xorenatsi küçəsində toplaşan nümayişçiləri dağıdıb.
Polis əvvəlcə havaya işıqsaçan səs bombaları atıb. Kütlə bundan sonra panika içində dağılışmağa başlayıb.
İlkin məlumata görə yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.
Hazırda silahlı qrup tərəfindən zəbt edilən PPX alayının binası yaxınlığında jurnalistlər və bir neçə nümayişçi qalıb.
Qeyd edək ki, iyulun 17-də silahlı qrupun üzvləri Post-patrul Xidmətinin (PPX) polkunun binasını ələ keçiriblər. Onlar qanunsuz silahların saxlanılması və onlardan istifadə ittihamı ilə həbs olunmuş müxalifətçi "Təsis parlamenti" vətəndaş təşəbbüsləri təşkilatının koordinatoru Jirayr Səfilyanın azadlığa buraxılmasını tələb edirlər.
PPX polku ələ keçirilən zaman polis polkovniki Artur Vanoyan qətlə yetirilib. Polis polkovniki Aram Ovannisyan, podpolkovnik Qraç Oseqyan və praporşik Qaqik Mkrtçyan yaralanıb.